Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə, informasiya mübadiləsinin genişləndirilməsi, regional təhlükəsizlik və qlobal çağırışlar fonunda ortaq mövqenin formalaşdırılması məsələləri müzakirə olunub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Ferhat Pirinççi Bakının Türk dünyasının mühüm mərkəzlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Qazaxıstanda başlayan və Bakıda davam etdirilən dialoq platformasının məqsədlərindən biri türk dövlətləri arasında əlaqələri gücləndirmək və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ortaq yanaşmaların formalaşmasına töhfə verməkdir.

Pirinççi bu formatda tədbirlərin digər paytaxtlarda da keçiriləcəyini bildirib. O, həmçinin Ankarada keçirilməsi nəzərdə tutulan TDT-nin 13-cü Zirvə görüşü ilə bağlı perspektivlərin də müzakirə mövzuları sırasında olduğunu qeyd edib.

Türkiyə Prezidentinin baş müşaviri, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Seyit Sertçelik isə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən danışıb.

O bildirib ki, Türk dünyasını birləşdirən ortaq tarixi və mədəni dəyərlər siyasi və strateji əməkdaşlığın inkişafı üçün mühüm baza yaradır. Sertçelikin sözlərinə görə, TDT son illərdə beynəlxalq müstəvidə daha ciddi aktora çevrilib və mövcud qlobal təhdidlər türk dövlətlərinin koordinasiyalı fəaliyyətini daha da zəruri edir.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fariz İsmayılzadə isə regional təhlükəsizlik, yeni texnologiyalar və Türk dünyasının inteqrasiyası məsələlərinə diqqət çəkib.

Deputat bildirib ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən münaqişələr region üçün ciddi təhlükəsizlik çağırışları yaradır. Onun fikrincə, mövcud geosiyasi proseslərin hansı nəticələr doğuracağı və dünya düzəninə necə təsir edəcəyi hələ tam aydın deyil.

F. İsmayılzadə Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin ölkənin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Deputat eyni zamanda müasir texnologiyaların ənənəvi ordu quruculuğunu sürətlə dəyişdirdiyini bildirib. Onun sözlərinə görə, Türk dövlətlərinin yeni hərbi texnologiyalara uyğunlaşması, müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməsi və birgə hərbi təlimlərə daha çox diqqət ayırması vacibdir.

Türk dünyasının iqtisadi inteqrasiyasına toxunan F. İsmayılzadə Orta Dəhlizin inkişafı fonunda yeni iqtisadi layihələrin genişləndiyini qeyd edib. O, təhsil sahəsində əməkdaşlığın da gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Deputatın sözlərinə görə, türk dövlətləri arasında birgə bakalavr və magistr proqramlarının, eləcə də tələbə mübadiləsi imkanlarının artırılması inteqrasiyanın gələcək mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.