İran qəzetində 20 Yanvar faciəsi barədə nalitik yazı dərc edilib

15:33 20 Yanvar 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+


Tehran, 20 yanvar, AzərTAc
İran İslam Respublikasının “Navidazerbaijan” qəzetində 20 Yanvar faciəsi barədə analitik məqalə dərc edilib.
“Tarixin qanlı hadisəsinə yenidən baxış: 20 Yanvar 1990-cı ildə Bakıda əhalinin sovet ordusu tərəfindən qanlı qırğını” sərlövhəli məqalədə bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə heç bir xəbərdarlıq etmədən Bakıya qoşun yeridilib və müstəqilliyini tələb edən xalqa qarşı qətliam törədilib.
Qeyd olunur ki, 1980-ci illərin sonlarında SSRİ öz vətəndaşları olan Azərbaycan xalqına xəyanət edərək, açıq şəkildə Ermənistanı dəstəkləyir və Azərbaycan torpaqlarının işğalına şərait yaradırdı. İmperiyanın köməyi ilə 1987-ci ildən yüz minlərlə azərbaycanlı Ermənistanda yaşadığı tarixi yurdlarından qovulmuşdu. Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa qarşı iddialar irəli sürür və özünün himayə etdiyi silahlı bandalar vasitəsilə yerli dinc əhaliyə qarşı təzyiqlər göstərir, qətllər törədir, separatist qrupları silahlandırırdı. İki ildən artıq davam edən bu vəziyyət qarşısında SSRİ rəhbərliyinin heç bir addım atmaması bu siyasi oyunu dərk edən insanları narahat edirdi. Törədilən hadisələrə göz yuman imperiya onun mətbuatda işıqlandırılmasına da ciddi senzura qoyurdu. Etiraz edən və müqavimət göstərən azərbaycanlılar həbs olunur, Dağlıq Qarabağda dövlət tərəfindən ov tüfəngləri əhalidən alınır, onların silahlı bandalar qarşısında özünü müdafiə etməsinə belə imkan verilmirdi. Bu vəziyyət 1989-cu ilin sonlarından Bakı şəhərində əhalinin etiraz mitinqlərinə başlaması ilə nəticələndi. Mitinqlərə toplaşan minlərlə insanın imperiyadan istəyi bu özbaşınalıqların qarşısının alınması və Azərbaycan xalqının haqlı tələblərinə qulaq asılması idi. Lakin imperiya heç də bu tələblərə əməl etmək niyyətində deyildi. Öz haqlarını əldə edə bilməyən insanlar artıq mitinqlərdə “müstəqillik, azadlıq” şüarlarını səsləndirməyə başlayırdılar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə əsasən erməni əsilli xüsusi təyinatlılardan təşkil olunmuş sovet ordusu hissələri qabaqcadan heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə hücum etdi. Dinc və müdafiəsiz əhaliyə qarşı ağır döyüş silahlarından - tanklar, pulemyotlar, avtomatlar və digər silahlardan istifadə olundu, mülki binalar atəşə tutuldu. Sovet ordusu 70 il ərzində vətəndaşı olan bu əhaliyə qarşı xüsusi amansızlıqla rəftar etdi. Hətta təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılır, mülki insanlar öz evlərinin içərisində öldürülürdülər. Son dəqiqləşdirmələrə görə, qanlı 20 Yanvar faciəsində 147 nəfər dinc sakin qətlə yetirilib, 841 nəfər qeyri-qanuni həbs olunub, 744 nəfər yaralanıb. Cinayətləri gizlətmək üçün öldürülənlərin bir qismi dənizə atılmış, istintaq materialları Moskvaya aparılaraq yox edilmişdi. Azərbaycanın o vaxtkı rəhbər şəxsləri də bu cinayətlərin ötr-basdır edilməsinə kömək göstərsələr də, yeganə olaraq görkəmli siyasi xadim Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində yerli və beynəlxalq kütləvi informasiya vasitələri qarşısında xalqına qarşı törədilən qırğınlara etirazını bildirdi və günahkarların cəzalandırılmasını tələb etdi. Sonralar da məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Milli Məclisində 20 Yanvar hadisələrinə tam hüquqi-siyasi qiymət verən qərar qəbul olundu.
20 Yanvar hadisələri imperiyanın müstəmləkəçilik siyasətini ortaya çıxardı. 20 Yanvar nə qədər ağır bir faciə olsa da, imperiya bununla xalqı öz iradəsindən döndərməyə müvəffəq olmadı, əksinə bu iradə daha da qətiləşdi və Azərbaycan öz müstəqilliyini bərpa etdi.
Öz azadlığı, ərazi bütövlüyü uğrunda minlərlə şəhid vermiş İran xalqı şəhid adının müqəddəsliyini, Azərbaycan xalqının bu hisslərini ən yaxşı duyanlardandır.
Yazının tam mətni ilə http://navidazerbaijan.ir/Fa/News2811.aspx
linkindən tanış olmaq mümkündür.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iran_qezetinde_20_Yanvar_faciesi_barede_nalitik_yazi_derc_edilib-826087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR