“Qalatasaray”ın macar futbolçusu Roland Sallai zədə səbəbindən milli komandanın heyətindən çıxarılıb. 29 yaşlı futbolçunun qarşıdakı oyunlarda Macarıstan millisinin formasını geyinməyəcəyi məlum olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Macarıstan Futbol Federasiyası Sallainin zədələndiyi üçün milli komandanın düşərgəsinə qoşula bilməyəcəyini açıqlayıb. Onunla yanaşı, Kallum Stayls da heyətdən çıxarılıb. Bu futbolçuların əvəzinə Jolt Nad və Milan Tot milliyə dəvət olunub.

Sallai “Qalatasaray”ın Super Liqanın 6-cı turunda “Trabzonspor”la qarşılaşmasında ilk 11-likdə meydana çıxıb və 74-cü dəqiqədə Kazımcan Karataşla əvəzlənib. Macar futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində 8 oyunda meydana çıxıb və 1 qol vurub.

Macarıstan millisi qarşıdakı günlərdə UEFA Millətlər Liqasında Ukrayna, Şimali İrlandiya və Gürcüstanla qarşılaşacaq.