Bakının bəzi rayonlarında kirayə mənzillərin qiymətində artım müşahidə olunur.

Metbuat.az xəbər verir ki, bunu AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bahalaşma əsasən Nəsimi, Yasamal, Nərimanov, Səbail və Xətai rayonlarında qeydə alınır. Bu ərazilərdə infrastrukturun daha yaxşı inkişaf etməsi və bir sıra ali təhsil müəssisələrinin yerləşməsi kirayə tələbatını artırır.

Ekspert qeyd edib ki, yeni tədris ilinin başlaması ilə tələbələrin Bakıya gəlməsi kirayə mənzillərə marağı daha da yüksəldib. Onun fikrincə, qiymət artımı sentyabrın sonunadək davam edə, daha sonra isə bazarda müəyyən sabitlik yarana bilər.

Vüqar Oruc bildirib ki, Bakıda kirayə qiymətlərinə yalnız tələbə tələbatı təsir etmir. Regionlardan paytaxta işçi axını, investor və xarici vətəndaşların marağı, həmçinin beynəlxalq və idman tədbirləri də bazarda qiymətlərə təsir göstərən amillərdəndir.

Ekspertin sözlərinə görə, qeyd olunan rayonlarda yüksək qiymət seqmentində mənzillərin aylıq kirayəsi 750-800 manatdan başlayır və 1500 manata qədər yüksəlir. Bazarda daha bahalı, eksklüziv mənzillər də var. Belə evlərin aylıq kirayəsi 7 min manata çata bilir.

O vurğulayıb ki, eksklüziv mənzillərin qiymətlərini ümumi bazar göstəricilərinə daxil etmək düzgün mənzərə yaratmaya bilər. Buna görə də kirayə bazarını qiymətləndirərkən əsas diqqətin kütləvi seqmentdəki qiymətlərə yönəldilməsi daha məqsədəuyğundur.