Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onun vəfatının üçüncü ildönümü münasibətilə paylaşım edib.
Metbuat.az xəbər verir ki, Kəmalə Paşayeva sosial media hesabında bacısı Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş duyğusal sözlər yazıb:
“Üç il əvvəl həyat dayanmadı. Günəş yenə doğdu, insanlar yenə danışdı, həyat hamı üçün davam etdi. Amma mənim dünyamda bir şey sonsuza qədər əskik qaldı: sən. Zamanın acını yüngülləşdirəcəyinə inanmaq istəyirdim. Amma öyrəndim ki, bəzi acılar keçmir, sadəcə insanın içinə yerləşir. Mənim qəlbim üç ildir səninlədir, bacım.
Sən mənim yalnız bacım deyildin. Uşaqlığım, gəncliyim, sirdaşım, yol yoldaşım və həyat müəllimim idin. Güclü dayanmağı, mübarizə aparmağı, yıxıldığım yerdən yenidən qalxmağı səndən öyrəndim. Sən özünü Vətəninə, millətinə və türk dünyasına həsr etmişdin. Azərbaycanın həqiqətlərini, Qarabağımızı, şəhidlərimizi və qazilərimizi dünyanın müxtəlif yerlərində anlatdın. İnsanların dərdinə şərik oldun, ehtiyacı olanlara kömək etmək üçün əlindən gələni etdin.
Sənin üçün siyasət və millət vəkilliyi məqsəd deyildi. Bunlar Vətənə, xalqa və insana xidmət etmək üçün vasitə idi. Sən çox böyük iz qoyub getdin, canım bacım. Üç il keçsə də, yoxluğunla barışmaq çətindir. Səni hər gün daha çox darıxaraq xatırlayıram”.
Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü ildə səhhətində yaranan ciddi problemlərə görə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.