Xalqımızın mübarizliyinin bütün dünyaya bəyan edildiyi gün

Xalqımızın mübarizliyinin bütün dünyaya bəyan edildiyi gün
16:28 20 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəki, 20 yanvar, AzərTAc
1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Xalqımız bu faciədə həyatdan getmiş övladlarını hüznlə anmaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq, başını daim dik tutur. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
AzərTAc xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərində keçirilən ümumşəhər toplantısında səsləndirilib.
Şəhər rəhbərliyi, əmək kollektivləri, ictimaiyyətin nümayəndələri, müharibə və əmək veteranları, gənclər səhər saatlarından başlayaraq Şəkinin dağüstü ərazisində yerləşən Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Ümumşəhər toplantısında çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olduğunu bildiriblər. Vurğulanıb ki, Azərbaycan xalqı bu qanlı hadisələr zamanı öz qürurunu itirməyib, onun iradəsi qırılmayıb. Qeyd olunub ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvarı hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.
Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirib, onların mübarizliyini daha da artırıb.
Çıxış edənlər faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Həmin gün şəhərdəki Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub. Saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardım göstərilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalqimizin_mubarizliyinin_butun_dunyaya_beyan_edildiyi_gun-826103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR