Qəbələ Mədəniyyət Mərkəzində “Qanlı Yanvar” filmi nümayiş etdirilib

18:03 20 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+


Qəbələ, 20 yanvar, AzərTAc
Qəbələ rayonunda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi ehtiramla yad edilib.
AzərTAc xəbər verir ki, yanvarın 20-də rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, gənclər Şəhidlər xiyabanında faciə qurbanlarını anıblar. Abidə kompleksi önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər 25 il əvvəl Sovet ordusu tərəfindən törədilən faciənin dəhşətlərindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıblar.
Daha sonra Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində faciə qurbanlarına həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib, məscidlərdə dini mərasim keçirilib, şəhidlərin ruhuna dualar oxunub.
Qəbələ Mədəniyyət Mərkəzində isə “Bakıfilm” kinostudiyasının ekranlaşdırdığı Vahid Mustafayevin “Qanlı Yanvar” filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova tamaşaçılara 20 Yanvar faciəsi və bu hadisələrə həsr olunan ekran əsəri barədə məlumat verib.
Mərasim iştirakçıları filmin nümayişindən sonra mədəniyyət mərkəzinin foyesində rayon şagirdlərinin 20 Yanvar hadisələrinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Xatırladaq ki, faciənin 25-ci il ildönümü ərəfəsində rayonun bütün idarə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində “dəyirmi masa”lar, yığıncaqlar təşkil edilib, orta məktəblərdə faciə ilə bağlı xüsusi dərslər keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_Medeniyyet_Merkezinde_Qanli_Yanvar_filmi_numayis_etdirilib-826142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR