Tehranda “20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun təqdimat mərasimi olub

18:18 20 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Tehran, 20 yanvar, AzərTAc
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçirilən tədbir çərçivəsində “20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun təqdimatı olub.
Mərasimdə çıxış edən Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi ilə AzərTAc-ın birgə layihəsi olan kitab-albomu fərqləndirən əsas cəhət Azərbaycan xalqının başına gətirilmiş faciəni yalnız sözlə deyil, həmçinin foto-faktlarla oxucuların diqqətinə çatdırmasıdır. Faciədən 25 il ötməsinə baxmayaraq, kitab-albomu vərəqlədikdə xalqımızın müstəqilliyə nə qədər ağır itkilər hesabına nail olduğu göz önündə canlanır.
Səfir qeyd edib ki, kitab-albomun 4 dildə - Azərbaycan, ingilis, rus, ərəb dillərində nəşr edilməsi xalqın faciəsinin bütün dünyada təbliğ olunmasına şərait yaradır. Bu kitab vasitəsi ilə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatları beynəlxalq ictimaiyyətə xalqımızın nə qədər rəşadətli olduğunu əyani şəkildə göstərə bilərlər. Kitab-albom eyni zamanda Azərbaycan xalqının və dövlətinin şəhidlərə yüksək ehtiramla yanaşdığını da təcəssüm etdirir. Müstəqillik yolunda canlarını qurban vermiş insanların ruhu xalqın yaddaşından heç vaxt silinməyəcək. Zaman keçdikcə yeni əsərlər yaranacaq, şəhidlərin əməlləri gənc nəslə örnək olacaq.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın layihəsini yüksək qiymətləndirən səfir Cavanşır Axundov “20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun bir neçə nüsxəsinin səfirliyin kitabxanasında saxlanılacağını və onlardan istifadə olunacağını bildirib.
Mərasimdə səfirliyin əməkdaşları Taleh Zöhrabov, Taryel İsmayılov və başqaları çıxış edərək nəşrin məziyyətlərindən danışıblar.
Qeyd olunub ki, Azərbaycan xalqının məşəqqətli mübarizə yolunu əks etdirən bu kitab Tehranda fəaliyyət göstərən digər ölkələrin səfirliklərinə də təqdim olunacaq.
Təqdimat mərasimində İran Xarici İşlər Nazirliyinin əməkdaşları, Tehran ictimaiyyətinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və ziyalılar iştirak ediblər.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehranda_20_Yanvar_Tariximizin_qanli_ve_sanli_sehifesi_kitab_albomunun_teqdimat_merasimi_olub-826153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR