“AirAsia” şirkətinə məxsus təyyarənin ön hissəsi sahilə çıxarılıb

“AirAsia” şirkətinə məxsus təyyarənin ön hissəsi sahilə çıxarılıb
19:43 20 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+


Cakarta, 20 yanvar, AzərTAc 
Yanvarın 20-də indoneziyalı xilasediciliər “AirAsia” şirkətinə məxsus qəzaya uğramış təyyarənin ön hissəsini sahilə çıxarıblar. Bu barədə İndoneziya Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi Supriyadi məlumat verib.
Onun bildirdiyinə görə, balıqçılar yanvarın 19-da axşam suyun üzündə təyyarənin burun hissəsini görüblər. Bundan sonra xilasetmə qrupu həmin yerə gedərək təyyarənin parçalarını sahilə çıxarıb. Lakin pilotların yerləşdiyi kabinə aşkar olunmayıb.
Bununla bərabər, dalğıclar laynerin fyuzelyajının əsas hissəsinin suyun üzərinə qaldırılması ilə əlaqədar əməliyyatı davam etdirirlər. Həmin ərazidə yağan yağış, güclü külək və sürətli sualtı axınlar xilasedicilərin işini xeyli çətinləşdirir. Son məlumatlara görə, qəzaya uğramış təyyarədəki 162 nəfərdən 53-nün cəsədi artıq sudan çıxarılıb. Mütəxəssislər təyyarədə həlak olanların əksəriyyətinin cəsədlərinin məhz fyuzelyajın bu böyük parçasında olduğunu güman edirlər.
Eyni zamanda, təyyarənin “qara qutuları”nın dinlənilməsinin başa çatdırıldığı da bildirilir. Lakin buna baxmayaraq, hadisənin səbəbləri barədə hələlik heç bir məlumat verilmir.
Xatırladaq ki, Surabayadan Sinqapura uçan ”AirAsia” şirkətinə məxsus təyyarə radarların ekranından dekabrın 28-də itib. Sonradan xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AirAsia_sirketine_mexsus_teyyarenin_on_hissesi_sahile_chixarilib-826194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR