Küveytdə keçirilən anma mərasimində 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərdən bəhs edilib

19:48 20 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü Azərbaycanın Küveytdəki səfirliyində də qeyd edilib.
Səfirliyin müvəqqəti işlər vəkili Cavid Musayev mərasimdə çıxış edərək 20 Yanvar faciəsinin tarixi barədə məlumat verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M. Qorbaçovun birbaşa göstərişinə əsasən sovet ordusu hərbi hissələri və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəalarının, beynəlxalq hüquq normalarının kobudcasına pozularaq Bakıya yeridildiyi bildirilib. Nəticədə erməni millətçilərinin ölkəmizə qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması, yüzlərlə insanın həlak olması, yaralanması, həbs edilməsi, itkin düşməsi barədə ətraflı məlumat verilib, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyi qeyd olunub.
Ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bu dəhşətli hadisəyə münasibət bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusi vurğulanıb.
Səfirliyin foyesində 20 Yanvar faciəsi ilə bağlı fotosərgi təşkil olunub, faciə haqqında film və kitablar nümayiş etdirilib, Küveytin “Əl-Nahar” və “Əl-Vasat” qəzetlərində səfirliyin faciə ilə əlaqədar bəyanatı dərc olunub.
Bundan başqa, səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “20 Yanvar” fotoalbomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin pres-relizi Küveytin dövlət və hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuveytde_kechirilen_anma_merasiminde_20_Yanvar_faciesi_ile_bagli_heqiqetlerden_behs_edilib-826198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR