“AirAsia”ya məxsus təyyarənin qəza səbəbləri açıqlanıb

“AirAsia”ya məxsus təyyarənin qəza səbəbləri açıqlanıb
08:38 21 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+


Cakarta, 21 yanvar, AzərTAc
“AirAsia” şirkətinə məxsus təyyarənin heyəti qəzadan öncə laynerin kifayət qədər sürətə malik olmamasına baxmayaraq, yüksəkliyi kəskin dəyişmək istəyib və bu, təyyarənin düşməsinə səbəb olub. Bu barədə İndoneziyanın nəqliyyat naziri İqnasiua Conan məlumat verib.
Nazir deyib: “Radarlardan götürülmüş məlumatlar təsdiq edir ki, layner gözlənilmədən yüksəkliyi artırmağa başlayıb və həmin vaxt sürət bunun üçün çox aşağı olub”. İ.Conanın qənaətinə görə, məhz bundan sonra təyyarə düşməyə başlayıb.
Təhqiqat komitəsinin üzvləri əvvəlcə də bu versiyanın mümkünlüyü barədə fikirlər səsləndiriblər. İndoneziya təyyarəsinin qəzaya uğraması barədə müzakirələrə qoşulan müxtəlif ölkələrin təyyarəçiləri bildirirdilər ki, laynerin yüksəkliyi artırması üçün saatda 833 kilometr tələb olunduğu halda, həmin vaxt təyyarə saatda 648 kilometr sürətlə hərəkət edirmiş.
Təyyarə ilə əlaqə kəsilmə ərəfəsində heyət yerdəki xidmətlərdən yüksəkliyi 11,5 min metrə qaldırmaq və sola tərəf istiqamət götürmək üçün icazə istəyib. Lakin dispetçer yalnız sola istiqamətlənməyə icazə verib. Bununla təyyarənin fırtına zonasını yandan ötməyə cəhd göstərdiyi bildirilir.
Qəzanın səbəbləri barədə ilk hesabatın yanvarın 28-də dərc ediləcəyi planlaşdırılır. İndoneziya Axtarış və Xilasetmə Agentliyinin əməkdaşı Nurkaho Utomonun bildirdiyinə görə, qəzanın baş vermə səbəbləri sırasında “insan amili və texniki nasazlıq” əsas götürülür. Bununla yanaşı, o, “terakt versiyasının qəbul olunmadığını” da bildirib. N.Utomo deyib: “Danışıqları qeydə alan aparatlarda nə kənar səslər, nə də şübhəli hay-küy eşidilməyib”.
Xatırladaq ki, ”AirAsia” şirkətinə məxsus Surabayadan Sinqapura uçan və göyərtəsində 162 nəfərin olduğu təyyarə dekabrın 28-də radarların ekranından itib. Sonradan xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AirAsiaya_mexsus_teyyarenin_qeza_sebebleri_achiqlanib-826256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR