Nazirimizdən sərt bəyanat

Nazirimizdən sərt bəyanat
18:16 25 Dekabr 2014
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri heç bir halda sövdələşmə obyekti ola bilməz.

ANS PRESS-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov 2014-cü ilin yekunları ilə əlaqədar kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə deyib.

O, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü barəsində fikirlərə münasibət bildirib: "Azərbaycan hər bir dövlətin suveren qərarlarına hörmətlə yanaşır. Hazırda müstəqil siyasət yürüdən Azərbaycan siyasi, iqtisadi və ticarət əlaqələrində ikitərəfli formata üstünlük verir və qarşılıqlı faydalı əməkdaşlıq baxımdan bu da tam şəkildə özünü doğruldur. Ümumiyyətlə, hər hansı bir inteqrasiya prosesləri ilə əlaqədar bütün ölkə ictimaiyyətinin də qənaəti çox önəmlidir. Azərbaycana haqqında bəhs olunan quruma üzvlük barəsində rəsmi müraciət olmayıb və Azərbaycanın gündəliyində belə bir üzvlük məsələsi yoxdur".

Nazir Azərbaycan-Rusiya əlaqələrinə də toxunub: "Azərbaycan ilə Rusiya arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan dost və mehriban münasibətlər vardır. Əlaqələrimizin əhatə dairəsinin genişliyi və buraya siyasi, iqtisadi, ticarət, hərbi və hərbi-texniki, qarşılıqlı investisiyalar, təhlükəsizlik və terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrin daxil olması olduqca məmnunedici haldır. Qonşu dövlət kimi Rusiya eləcə də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ticarət dövriyyəsinin hər il artım dinamikasını göstərməsi çox müsbət bir təzahürdür. Əlaqələrimizin inkişafında hökumətlərarası komissiya və xüsusilə Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq məsələsini xüsusilə qeyd etmək istəyərdim. 2011-ci ildən keçirilən Azərbaycan-Rusiya regionlararası forumun 5-cisi 23-24 iyun 2014-cü il tarixində Qəbələ şəhərində keçirilib."

E.Məmmədyarov söyləyib ki, Azərbaycan-Rusiya əlaqələrinin xarakterik xüsusiyyətlərindən biri də humanitar əlaqələrdir. Bu sırada elm, təhsil, mədəniyyət əlaqələri, Rusiyanın mədəniyyət qruplarının Azərbaycana qastrol səfərləri, Azərbaycan mədəniyyətinin Rusiyada tanıdılması, tələbə mübadiləsi və xüsusilə insanlararası təmaslar qeyd edilməlidir. İkitərəfli əlaqələrimizin inkişaf dinamikasına uyğun olaraq, Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə qarşılıqlı səfərlərin intensivliyi bizi yalnız sevindirir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=316292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR