İndoneziya qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub

İndoneziya qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub
10:28 21 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Cakarta, 21 yanvar, AzərTAc
Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “The Jakarta Post” qəzetində ”Azərbaycan tarixində qara yanvar” adlı məqalə dərc olunub.
Məqalədə 1980-ci illərin ikinci yarısında erməni millətçilərinin keçmiş Sovet İttifaqında yaranan qarışıqlıqdan istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək niyyətləri barədə məlumat verilir. Bildirilir ki, keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov onlara bu məkrli planın həyata keçirilməsi üçün dəstək verirdi. Qeyd edilir ki, Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində ötən əsrin 80–ci illərinin sonlarında 250 min azərbaycanlı öz ata-baba yurdlarından zorla qovulub, 200-dən artıq insan amansızlıqla qətlə yetirilib. Buna etiraz edən azərbaycanlılar Bakı və digər şəhərlərdə meydanlara çıxaraq kommunist rejiminə etimadsızlıq göstərilməsi və Azərbaycana müstəqillik verilməsi barədə şüarlarla çıxışlara başladılar.
Sonra müəllif 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun böyük kontingentinin Bakıya daxil olması və silahsız insanlara atəş açması haqqında məlumat verir, bu aksiyanın SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına zidd olduğu vurğulanır. Bildirilir ki, əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək idi.
Məqalə Azərbaycan xalqının Vətənin ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçənləri heç zaman unutmayacağı və onların xatirəsini daim əziz tutacağı barədə fikirlə tamamlanır.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indoneziya_qezetinde_20_Yanvar_faciesi_barede_meqale_derc_olunub-826264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR