Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu//
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Yəmənə səfəri təxirə salınıb. Bu barədə Trend çərşənbə günü Anadolu agentliyinə istinadən xəbər verir.
Səfərin təxirə salınmasına səbəb Yəməndə vəziyyətin qeyri-stabil olmasıdır.
Türkiyə XİN rəhbərinin Yəmənə səfəri çərşənbə gününə planlaşdırılmışdı.
Dünən Yəməndə şiə üsyançıları - husitlər ölkə prezidentinin sarayına hücum ediblər. Bunu ölkənin informasiya naziri Nadiyə əs-Sakkaf bəyan edib.
Nazir "Twitter"-dəki mikrobloqunda yazıb: "Prezident Əbd Rəbba Mənsur Hadi rejimi devirməyə cəhd edən silahlı qrupun hücumuna məruz qalıb”.
Bu arada ölkə paytaxtında Prezident sarayının qarşısında husitlərin ordu ilə toqquşmasına son qoyulub.
“Əl-Ərəbiyyə” peyk telekanalının məlumatına görə, toqquşmalarda Prezident qvardiyasının iki hərbçisi həlak olub.
Az sonra “Ənsar-Alla” hərəkatının Siyasi Şurasının üzvü Həmzə-əl Husi RİA Novosti-yə bildirib ki, üsyançılar ölkə Prezidenti Əbd Rəbba Mənsur Hadini devirməyə cəhd göstərməyiblər, Prezident qvardiyasının hissələri ilə toqquşmalara səbəb hərbi qulluqçuların özlərinin təxribatları olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az