Kimi deyər ki, qadın uzun qış gecələrində yatmaq üçündür?..

Kimi deyər ki, qadın uzun qış gecələrində yatmaq üçündür?..
13:42 21 Yanvar 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

Kimi deyər ki, qadın
uzun qış gecələrində yatmaq üçündür.

Kimi deyər ki, qadın yaşıl bir xırmanda
ətəyi zınqırovlu rəqqasə kimi oynamaq üçündür.
Kimi deyər ki, əyalım,
boynumda daşıdığım günahım.

Kimi deyər ki, xəmir yoğuran, uşaq doğan...
Nə o, nə bu. Nə döşək, nə rəqqasə, nə də günah.
O, mənim qollarım, ayaqlarım
yavrum, anam, həyat yoldaşım, bacım, həyat dostumdur.

Bu şeir mühacirətdə olan və zəmanəsinin ən böyük türk şairi Nazim Hikmətindir.

Qadın, bəlkə də yeganə varlıqdır ki, övladı doğulmadan öncə və övladı öldükdən sonra onunla danışar. Şəninə ən gözəl şeirlər və bəstələr bəstələnsə də, onu tam olaraq vəsf edə bilməz. Qadınların hər nə qədər zəif, hisslərə qapılan və məntiqdən uzaq olduqları iddia edilsə də, bir cəmiyyətin kamil şəkildə formalaşması üçün qadının rolu danılmazdır.

Qadının hüququ məhdudlaşdırılan cəmiyyətlərdə isə normal inkişafdan əsla söhbət gedə bilməz. Məhz belə cəmiyyətlərdə erkəklərin qadın zərifliyi üzərində öz “hakimiyyətlərini” qurma halları tez-tez müşahidə olunur.

İlahi dinlərdə qadın mövzusu hər nə qədər mübahisə obyekti olsa da, bütün səmavi kitablarda adı yüksək səviyyədə zikr olunan qadınlar var.

Konkret olaraq islamda qadının statusuna gəlincə, bu mövzu mübahisə mövzusu olsa belə, islam yaranması etibarilə dövrünün qadınına yönəlmiş ən böyük islahatı həyata keçirdi və qadın əşya statusundan qurtuldu.

Bu gün qadına yüksək hüquq verdiyini iddia edən Avropada belə, qadın heç də iddia edildiyi kimi yüksək mərtəbədə dayanmır.

Qadının sosial rifahı üçün mübarizəsi Qərbin siyasi dairələrinin mətbəxində qovrulan feminizmə dəstək kimi qəbul edilməməlidir. Məhz feminizm qadınları qadın zərifliyini kişilərin arxasınca sürükləməklə ülviliyi qadın “zəifliyi” arxasında gizlənənlərin ayaqları altına atdı.

Bu gün dünyanın bir çox ölkələrində, eləcə də qonşu Türkiyədə qadının sosial rifahı üçün bir çox islahatlar aparılır. Türkiyədə dövlət rəsmilərinin etiraf etdiyi kimi, ən böyük problemlərdən biri də ailə və cəmiyyətdə qadına yönəlmiş şiddət hallarıdır.

Konkret olaraq Azərbaycana gəlincə isə heç şübhəsiz ki, Şərqdə qadına seçmə və seçilmə hüququ verən ilk ölkələrdən biri də Azərbaycandır. Etiraf etmək lazımdır ki, Azərbaycan qadını hüquqlarının çoxluğu və üstünlüyü ilə bir çox Şərq qadını qarşısında öyünə bilər.

Lakin təəssüf olsun ki, bu gün bəzən Azərbaycanda qadına qarşı milli mentalitetimizə yad münasibətin şahidi oluruq. Bəli, söhbət əzəmətli paytaxtımızda kimliyinin tanınmaması üçün qəhərə boğularaq üzünü gizlədən, gözlərində isə çarəsizliyin yuva qurduğu küçə süpürən xanımlarımızdan gedir. Ən acınacaqlısı isə bu xanımların başının üstündə durub onlara göstəriş verən kişilərin olmasıdır.

Nə olursa-olsun, xanımlarımızın küçə süpürməsi adını şanlı tariximizə yazmış, eləcə də bu gün zirvələri fəth etmiş qadınlarımızın adına ləkədir.

Maraqlısı isə odur ki, nə qonşu İranda, nə də Türkiyədə bu hala, demək olar, rast gəlinmir. Bir toplum olaraq Sovet imperiyasının bizə miras buraxdığı bir çox şeydən qurtulsaq da, hələ ki, bundan yaxa qurtara bilməmişik.

Məgər bu gün küçələrimizin təmizlənməsi üçün texnikadan istifadə etmək belə çətindirmi? Məgər xanımlarımızı layiq olduqları yüksək məqama ucaltmaq mümkün deyilmi? Digər bir tərəfdən, görəsən, işsizlik bəhanəsi ilə evdə oturan kişilərimizin vicdanı heç sızlamırmı?

Heç şübhəsiz ki, bu gün adını tarixin şanlı səhifələrinə həkk edən Azərbaycan qadını daha yüksək məqama layiqdir. Qadının Azərbaycan cəmiyyətində ən yüksək pillədə durması, qadının göz yaşlarının adiləşməməsi üçün sadəcə kişilər deyil, eyni zamanda, qadınlar da səy göstərməlidirlər.

Azərbaycanda küçə süpürən xanımlar olduqca, qadınlara seçmə və seçilmə hüququ verməklə, onların adını "qəlbimizə yazmağımız"la fəxr etməyimizin heç bir anlamı olmayacaq.

Rufiz Hafizoğlu
Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR