Azərbaycan XİN: “Azadlıq Radiosu”nun əməkdaşının işğal olunmuş Azərbaycan ərazilərinə səfəri qanunsuzdur

Azərbaycan XİN: “Azadlıq Radiosu”nun əməkdaşının işğal olunmuş Azərbaycan ərazilərinə səfəri qanunsuzdur
15:02 21 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 14:59 ]


Bakı - APA. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev “Azadlıq Radiosu”nun əməkdaşının Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi barədə xəbərlərə münasibət bildirib.

 

XİN-dən APA-ya verilən məlumata görə, H.Hacıyev deyib ki, “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə “Azadlıq Radiosu”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barəsində xəbər verilib.

 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının rəsmi icazəsi olmadan “Azadlıq Radiosu”nun öz əməkdaşını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal “Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında” qanunun pozulmasıdır: “Azadlıq Radiosu”nun bu cür qərəzli davranışı eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız ilə əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur”.

 

H.Hacıyev qeyd edib ki, müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR