Gümrü insidenti fonunda Ermənistanda güclənən anti-Rusiya meylləri

Gümrü insidenti fonunda Ermənistanda güclənən anti-Rusiya meylləri
16:52 21 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın hərbçisi Valeri Permyakovun bir ailənin 6 üzvünü güllələyərək öldürməsi ölkədə böyük narazılıq doğurub. Paytaxt İrəvanda Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında, Gümrüdəki 102-ci hərbi bazanın yaxınlığında, Rusiya baş konsulluğunun və prokurorluq binasının qarşısına toplaşan və rusiyalı hərbçinin Ermənistan tərəfinə verilməsini tələb edən etirazçılarla polis arasında toqquşmalar yaşanıb.

Hadisəni törədən hərbçinin uzunmüddətli həbs cəzasına məhkum edilə biləcəyi, eləcə də hərbi bazanın rəhbərliyinin də cəzalandırılacağı ilə bağlı Rusiyadan gələn müəyyən mesajlar isə Ermənistan əhalisini sakitləşdirmək cəhdi kimi görünür (bax: Солдат ответит за армянскую семью перед Россией / www.kommersant.ru, 14 yanvar 2015).

Aydındır ki, Ermənistan əhalisi, xüsusən də Gümrü sakinləri istintaq prosesini ciddi izləyəcək və onun nəticəsi ictimai əhval-ruhiyyəyə öz təsirini göstərəcək.

102-ci hərbi bazanın qara tarixi

Valeri Permyakovun törətdiyi cinayət hadisəsinə verilən reaksiya, əslində, Ermənistanda son illərdə yığılan narazılıq enerjisinin birdən-birə partlayış şəklində özünü göstərməsidir. Bu narazılıq qismən elə Gümrüdəki hərbi bazanın özü ilə bağlıdır. Xatırladaq ki, 1995-ci ildə yaradılan və müqavilələrlə fəaliyyət müddəti 2044-cü ilə qədər uzadılan 102-ci hərbi baza əvvəlki illərdə də bir sıra insidentlərlə gündəmə gəlmişdi. Belə ki, 1999-cu ildə 2 rusiyalı hərbçinin Gümrü bazarında ətrafdakılara atəş açması nəticəsində 2 sakin ölmüş, 9 nəfər yaralanmışdı. 2003-cü ildə bir qrup gəncin hərbi bazanın ərazisinə daxil olmaq cəhdi nəticəsində yaranan insidentdə 2 sakin öldürülmüş, 2-si yaralanmışdı. 2013-cü ildə isə hərbi bazaya məxsus poliqonda minanın partlaması nəticəsində 2 yeniyetmə həlak olmuşdu (bax: Гюмри: как российская база губила местных жителей / www.kavkaz-uzel.ru, 15 yanvar 2015).

''Böyük qardaş'' stereotipinin sınması

Lakin Gümrüdəki hərbi hissə ilə bağlı sonuncu insidentin Ermənistanda əvvəlkilərlə müqayisə olunmayacaq dərəcədə böyük həyəcan və qəzəb yaratmasının daha dərin səbəbləri var. Ermənistanda son illərdə aydın görürlər ki, "böyük qardaş'' adlandırıb sığındıqları Rusiyanın Cənubi Qafqaz və Ermənistan siyasəti hansısa hisslərə deyil, real maraqlara söykənir. Bu səbəbdən də Rusiyanın Azərbaycanla müxtəlif sferalarda, xüsusən də hərbi sahədə təbii əməkdaşlığı Ermənistanda böyük qısqanclıqla qarşılanır. Digər tərəfdən, Rusiya ilə iqtisadi yaxınlıq, daha doğrusu asılılıq Ermənistanda sosial-iqtisadi vəziyyətə müsbət təsir göstərmir, əksinə, tənəzzülə uğrayan ölkədən xaricə kütləvi axın sürətlənir. Rusiyanın özünün iqtisadi sanksiyalar və çətinliklərlə üzləşdiyi bir vaxtda Ermənistanın perspektivləri sual altında olan Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına daxil olması da bu ölkədə narahatlığı ən çox artıran amillərdəndir. Beləliklə, işğal etdikləri Azərbaycan torpaqlarını itirmək qorxusu ilə şimala sığınan ermənilər faktiki olaraq, Ermənistanın özünü bütünlüklə itirmək gerçəkliyi ilə üzləşiblər.

Digər tərəfdən, müxtəlif araşdırma mərkəzlərinin apardıqları sorğuların nəticələri göstərir ki, Ermənistan əhalisinin əksəriyyəti Rusiya və Avropa İttifaqı arasında seçim qarşısında qaldıqda ölkələrinin məhz Rusiya ilə əməkdaşlığına üstünlük verir. Lakin zaman keçdikcə bu tendensiya dəyişməyə doğru gedir. Belə ki, 2004-cü ildə İrəvan sakinlərinin 82,7 faizi ölkənin əsas tərəfdaşı kimi Rusiyanı görürdüsə, 2013-cü ildə bu cür düşünənlər 70,2 faizədək azalıb. Gənc nəsil arasında isə bu göstərici 62 faizdir (bax: Отношение армянского общества к евразийской и европейской интеграции / www.noravank.am).

Yuxarıda sadalanan amillərin təsirini də nəzərə aldıqda, Ermənistanda qərbyönlü meylin bundan sonra da daha da sürətlə artması istisna deyil.

Gümrü insidenti kimlərin maraqlarına cavab verir?

Qeyd edək ki, Ermənistanda anti-Rusiya və qərbyönlü meyllərin artması təkcə sosioloji sorğuların nəticələrində deyil, bir sıra qeyri-hökumət təşkilatlarının, media qurumlarının fəaliyyətində də özünü göstərməkdədir. Belə olan halda, rusiyalı hərbçinin erməni ailəsinin 6 üzvünü qətlə yetirməsi ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsində maraqlı olan qüvvələr üçün göydəndüşmə fürsət hesab oluna bilər. Təsadüfi deyil ki, Ermənistandakı son aksiyalar Qərb, qərbyönlü erməni və qərbyönlü Rusiya mediasında geniş işıqlandırılır, ABŞ-ın Azad Avropa Radiosu/Azadlıq Radiosunun Ermənistan bölməsi də bu prosesdə öz fəallığı ilə seçilir. Müxtəlif xəbərlərdən də görünür ki, Gümrü insidenti ilə bağlı aksiyalarda müxalifyönlütəşkilatların nümayəndələri fəal iştirak edirlər (bax: Protest at Russian embassy in Armenia. Tigran Khzmalyan detained / www.aysor.am, 15 yanvar 2015).

Bu prosesi Rusiyada da müşahidə edirlər və bəzi Rusiya media orqanları, eləcə də ekspertlər Gümrüdəki insidentin qərbyönlü qüvvələr tərəfindən Rusiyaya qarşı istifadə olunması ilə bağlı həyəcan təbili çalırlar (bax: План окружения России / www.svpressa.ru, 13 yanvar 2015)

Ermənistanın xilas yolu

Göründüyü kimi, dünyanın müxtəlif regionlarında olduğu kimi, Qərb və Rusiyameylli qüvvələrin Ermənistanda da rəqabət apardığı özünü aydın göstərir. Lakin Ermənistanın anlamalı olduğu bir həqiqət var: bu ölkə nə yalnız Rusiyaya, nə də sırf Qərbə yönəlməklə özünə işıqlı gələcək qura bilməyəcək. Ermənistan üçün həyati vacib məsələ, ilk növbədə, yerləşdiyi regionda qonşu olduğu respublikalarla normal, səmimi münasibətlər qurmaqdır. Bunun üçün isə o, Azərbaycan əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalından, Türkiyəyə və dolayı yolla Gürcüstana olan ərazi iddialarından əl çəkməli, regionda sülhü, sabitliyi hədələyən təcavüzkar rolundan imtina etməlidir.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR