Nüfuzlu Avropa təşkilatı Qarabağın işğalına son qoyulmasını tələb edir

17:07 21 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:04 ]

“İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər”

Bakı-APA. Norveçin təhsil, mədəniyyət, musiqi, siyasət və din sahələrində fəaliyyət göstərən 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Beynəlxalq və Çoxmədəniyyətli Könüllülük Mərkəzi (SAİFF) “Qarabağa Azadlıq” adlı bəyanat qəbul edib.

 

APA-nın məlumatına görə, bu barədə mərkəzin sədri Anna Opland Stenersen tərəfindən yayılmış bəyanatda deyilir.

 

Bəyanatda qeyd olunub ki, SAİFF-in İdarə Heyəti tarixi faktları və BMT Təhlükəsizlik Şurasının qətnamələrini diqqətlə araşdırdıqdan sonra aşağıdakı qənaətə gəlinib:

 

“Azərbaycanın qədim tarixi regionlarından biri olan Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili olub. Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb.

 

Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl, Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlanıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan  Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, QubadlıZəngilanı işğal edib”.

 

Daha sonra bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının  Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb: “İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar “Konfliktlər zamanı mədəni mülkiyyətin qorunması barədə” 1954-cü il Haaqa və “Dünya mədəni və təbii irsinin qorunması”na dair  UNESCO-nun 1972-ci il konvensiyalarının prinsiplərinin pozulduğunu təsdiq edir.

 

SAİFF-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq “Qarabağa Azadlıq” adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR