Bakıda qaçırılmış avtomobildən oğurlanmış yerli və xarici nömrələr çıxdı

17:08 21 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda qaçırılmış avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, ötən il noyabrın 30-da Bakı şəhər sakini Pərviz Babayevə məxsus “BMW” markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanlarının üzərində olduğu “VAZ-2107” markalı avtomobilin yanvarın 20-də C.Qurbanov küçəsində hərəkətdə olması aşkar edilib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində avtomobil saxlanılıb. Onun Bakı şəhər sakini Kamran Mürsəlov tərəfindən idarə edilməsi müəyyən olunub.

Avtomobilin yük yerinə baxış zamanı oradan qeyd edilən “VAZ-2107” markalı avtomobilə, həmçinin xarici dövlətlərə - İsveçrəyə və BƏƏ-yə aid dövlət avtomobil qeydiyyat nişanları da aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Hüseyn Hüseynliyə məxsus olması və yanvarın 20-nə keçən gecə yaşadığı Əmircan qəsəbəsindən qaçırılması da müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2355652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR