Almaniyadakı Azərbaycan diasporu 20 Yanvar faciəsinə həsr olunan “dəyirmi masa” keçirib

Almaniyadakı Azərbaycan diasporu 20 Yanvar faciəsinə həsr olunan “dəyirmi masa” keçirib
17:18 21 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 21 yanvar, AzərTAc
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Berlində 20 Yanvar faciəsinin 25-ci ildönümünü “Qara Yanvar – yaddaş, tarix, gələcək” mövzusunda “dəyirmi masa” ilə qeyd edib. Tədbir iştirakçıları 20 Yanvar tarixini elmi, ictimai və mənəvi nöqteyi-nəzərdən müzakirə ediblər. Məqsəd yerli ictimaiyyəti Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi, keçmiş Sovet İttifaqının hərbi təcavüzü haqqında məlumatlandırmaq olub.
AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova təbdir iştirakçılarının diqqətini şəhidlərin adları yazılan qara siyahıya cəlb edib.
Azad Berlin Universitetinin dosenti Rüfət Səttarov isə şəhid fenomenindən, bu məfhumun dini və ictimai məğzindən bəhs edib, 20 Yanvar şəhidlərinin Vətən uğrunda həlak olduğunu, bu faciənin Azərbaycan xalqı üçün unudulmaz ağrı olduğunu vurğulayıb.
Azərbaycan səfirliyinin ikinci katibi Nurçin Əliyev həmin faciəvi günlə bağlı uşaqlıq xatirələrindən danışıb, 20 Yanvar hadisələrini Azərbaycan xalqının həyatında dönüş nöqtəsi kimi səciyyələndirib. Məhz bu hadisə ilə sovet dövrünün süqutunun başlandığı diqqətə çatdırılıb.
Berlində yaşayan Həsən Abbasov Qara Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi, həlak olanların isə bu azadlıq hərəkatının qurbanları olduğunu bildirib.
Berlin Avropa Qafqaz və Xəzəryanı Ölkələr üzrə Tədqiqatlar İnstitutunun əməkdaşı Mattias Dornfeld tədbirdə Azərbaycanın bugünkü inkişafından danışıb.
“Dəyirmi masa”da 20 Yanvar faciəsi müxtəlif aspektlərdən araşdırılıb, hadisələrin Azərbaycan xalqının müstəqilliyi, eləcə də regionda gedən qlobal proseslər və geosiyasi dəyişikliklər baxımından önəminə dair müzakirələr aparılıb.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Berlin



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniyadaki_Azerbaycan_diasporu_20_Yanvar_faciesine_hesr_olunan_deyirmi_masa_kechirib-826424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR