Kəbə əvvəllər necə olub?

Kəbə əvvəllər necə olub?
20:05 21 Yanvar 2015
532 Sosial
Ölkə mətbuatı
A- A+

“Kəbə” sözünün ərəb dilindən tərcüməsi kub deməkdir; bu ad ona quruluşuna görə verilmişdir.
 
İbrahim Peyğəmbərin (ə) zamanına kimi Kəbənin ölçüləri və quruluşy barədə dəqiq məlumat yox dərəcəsindədir. Həzrət İbrahim (ə) oğlu İsmaillə (ə) Kəbəni tikdikdən sonra müqəddəs evin şərq və qərb divarlarının üzünlüğü təqribən 22 metr, şimal və cənub divarlarının üzünlüğü təqribən 15 metr, hündürlüyü təqribən 4,3 metr oldu. Kəbənin damı örtülməmişdi.
 
Həzrət Mühəmməd Peyğəmbər (s) təqribən 35 yaşında ikən (605-ci il) Məkkədə baş verən güclü sel Kəbəni uçurub dağıtdı. Məkkədə məskunlaşmış qəbilələr 4 hissəyə bölündü və bunların hərəsi Kəbənin bir divarını tikdi. Müqəddəs həcərül-əsvədi Kəbənin divarına bərkitmək şərəfi isə bütün məkkəlilərin razılığı ilə Həzrət Mühəmmədə (s) nəsib oldu. Binanın damını Qırmızı dəniz sahilində qəzaya uğramış bir gəminin taxta qalıqları ilə örtdülər.
 
İslam dini inkişaf etdikcə Kəbəni ziyarətə gələnlərin də sayı artırdı. Yaranmış darısqallığı aradan qaldırmaq üçün ikinci xəlifə Ömər ibn Xəttab hicri 17-ci (miladi 638-ci) ildə Kəbənin ətrafındakı evlərin bir hissəsini sahiblərindən alıb sökdürdü və boşalmış ərazini Məscidül-hərama qatdı. Kəbənin dövrəsinə hasar çəkildi, hasara məşəllər bərkidildi ki, gecə buralar işıqlı olsun. Allahın evini sel və daşqından qorumaq üçün ətrafda bəndlər tikildi. Ömər ibn Xəttab məkkəlilərə tapşırdı ki, Kəbəyə hörmət əlaməti olaraq, öz evlərini ondan hündür tikməsinlər.
 
Üçüncü xəlifə Osman ibn Affan ətrafdakı evlərin hesabına Məscidül-həramın ərazisini bir qədər da artırdı. Məscidin damı tavanla örtüldü.
 
Yezidin hakimiyyəti dövründə Məkkədə Abdullah ibn Zübeyrlə aparılan müharibə gedişində (683-cü il) Kəbə evi mancanaqlardan atılan daşların zərbəsindən dağıldı. Abdullah ibn Zübeyr Kəbəni yenidən tikdirdi. Onun fikrincə, məkkəlilər 605-ci ildə Kəbəni təmir edərkən onun sahəsini azaltmışdılar. Abdullah ibn Zübeyr Hicri-İsmailin sahəsini də Kəbəyə qatdı. Qədim dövrlərdə Kəbənin iki qapısı varmış. Onlardan biri indiki yerində, digəri isə onunla üzbəüz, qərb divarında yerləşirmiş. Abdullah ibn Zübeyr həmin qapını da bərpa etdirdi. Kəbənin divarları ətraf dağlardan yonulub gətirilmiş qara daşlarla tikildi.
 
Abdullah ibn Zübeyrin qətlindən sonra Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan onun Kəbəyə etdiyi əlavələrin hamısını ləğv etdi və Kəbəni sökdürüb əvvəlki formasına qaytardı.
 
Sonrakı zamanlarda Məscidül-həramın ərazisi xeyli genişləndirilsə də, Kəbəyə əl vurulmadı. 1629-30-cu illərdə baş vermiş sel Kəbəyə ciddi ziyan vurdu, Osmanlı sultanı IV Murad müqəddəs binanı əvvəlki vəziyyətinə qaytardı. O zamandan bəri Kəbənin binasına heç bir dəyişiklik edilməyib.
 
Kəbənin hündürlüyü 14,85 m., qapı yerləşən divarın eni 11,58 m., Hicri-İsmail tərəfdəki divarın eni isə 10,22 m.-dir. Kəbə ərinmiş qurğuşundan olan möhkəm bünövrənin üzərində durur. Kəbənin döşəməsi yer səthindən iki metr hündürlükdədir. İçəriyə girmək üçün şərq divarında insan boyu hündürlükdə yerləşən qapıdan keçmək lazımdır. Kəbənin qapısı indiyə kimi dəfələrlə dəyişdirilmişdir. Bahalı taxtadan hazırlanmış, qızıl suyuna çəkilmiş hazırki ikitaylı qapı 1979-cu ildən Kəbəni bəzəyir.
 
Kəbə evinin dörd küncünə rükn deyirlər. Hər rüknün öz adı vardır. “Qara daş” bərkidilmiş künc rüknül-əsvəd, qalan künclər isə saat əqrəbi istiqamətində sayılmaqla Yəmən rüknü, Şam rüknü və İraq rüknü adlanır. Rüknlərin adı onların istiqamətləndiyi ölkələrə uyğun seçilib. Rəvayətlərdə Yəmən rüknünün daha fəzilətli olduğu və bu rüknün yanında edilən duaların daha tez qəbul olunduğu bildirilir.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR