Malayziyanın “Gateway” jurnalında ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunub

Malayziyanın “Gateway” jurnalında ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunub
20:43 21 Yanvar 2015
581 Ölkə
Ölkə mətbuatı
A- A+


Kuala-Lumpur, 21 yanvar, AzərTAc
Malayziyanın Kommunikasiya və Multimedia Nazirliyinin nəzdindəki Cənub-Cənub İnformasiya Qapısı Agentliyinin (SSIG) ingilis dilində nəşr olunan “Gateway” jurnalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Milli Lider Heydər Əlirza oğlu Əliyev” adlı geniş məqalə dərc edilib.
Məqalədə Ümummilli Liderin tərcümeyi-halı, eyni zamanda, çoxşaxəli dövlətçilik fəaliyyəti barədə malayziyalı oxuculara ətraflı məlumat verilir. 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olan Heydər Əliyevin 1941-ci ildən Azərbaycan SSR-də müxtəlif vəzifələrdə çalışdığı, xüsusilə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işlədiyi, general-mayor rütbəsinə qədər yüksəldiyi, həmin illərdə Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil aldığı, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirdiyi qeyd olunub.
Məqalədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olduğu, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyi və SSRİ-nin rəhbərlərindən biri olduğu, onun iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olduğu qeyd edilir.
Heydər Əliyevin 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyi, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdiyi, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olduğu, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildiyi diqqətə çatdırılıb.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdığı, Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladığı, həmin il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildiyi qeyd olunub.
Ulu öndər Heydər Əliyevin bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görüldüyü, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyinin Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olduğu, ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığı diqqətə çatdırılıb.
Məqalənin sonunda dünyanın nüfuzlu siyasətçiləri, dövlət xadimləri, hökumət nümayəndələrinin bu dahi siyasətçi haqqında dedikləri ürək sözlərindən sitatlar yer alıb.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziyanin_Gateway_jurnalinda_umummilli_lider_Heyder_Aliyev_haqqinda_meqale_derc_olunub-826508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR