"Sovetski"yə ayrılan pullar mənimsənilib? - FOTO

"Sovetski"yə ayrılan pullar mənimsənilib? - FOTO
11:37 22 Yanvar 2015
393 Sosial
Ölkə mətbuatı
A- A+

Büdcədə məhəllənin köçürülməsi üçün 180 milyon manat nəzərdə tutulub, amma söküntü işləri dayanıb
Komissiyadan sakinlərə "büdcədə vəsait yoxdur" deyiblər.

Paytaxtın "Sovetski" adlanan ərazisində aparılan yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi prosesi dayandırılıb. Evləri sökülən bəzi vətəndaşların kompensasiyası isə tam ödənilməmiş qalıb. "Sovetski" hazırda xarabalığı xatırladır. Söküntü nəticəsində su və kanalizasiya xətləri yararsız vəziyyətə düşüb. Ərazidə üfunətdən və çirkabdan hərəkət etmək mümkünsüz hala gəlib. Yerli icra hakimiyyətinin söküntü gedən sahədən zibil qutularını götürməsi sökülmüş evlərin yerini zibilliyə çevirib. Burada sahibsiz heyvanlar üçün əlverişli şərait yaranıb və nəticədə onlar "Sovetski"yə üz tutublar. Yerli sakinlər xəstəlik tapacaqlarından ehtiyat edib mümkün qədər evlərindən çıxmamağa çalışırlar. Onlar uşaqlarına da heyvanlara toxunmamağı tövsiyə edirlər.

Onlarla söhbətdən məlum oldu ki, sakinlər daha xarabalıqda yaşayıb xəstəlik tapmaqdansa, kvadratı 1500 manatdan evini satıb küçədə yaşamağı üstün tuturlar. Odur ki, alqı-satqı prosesinin aparılması üçün yerli icra hakimiyyətlərinə müraciət ediblər.

"Qonşularımızla birlikdə Köçürmə Komissiyasına müraciət etdik. Buradan müsbət cavab almadığımız üçün birbaşa Yasamal Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib, söküntü ərazisindəki dözülməz vəziyyəti ona çatdırıb, alqı-satqı prosesinin başlanmasını xahiş etdik. Bu qurumdan şifahi olaraq bizə bildirildi ki, kompensasiyanın ödənilməsi üçün büdcədə kifayət qədər vəsait yoxdur. Qonşularımız arasında belə söz-söhbət gəzir ki, sökülmə prosesinin dayanmasına səbəb nəzərdə tutulmuş vəsaitlərdə külli miqdarda yeyintinin aşkarlanmasıdır. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Hətta məsul şəxslərin barəsində ciddi tədbirlərin görüldüyü deyilir. Həbs olunanlar da var", - deyə 48 yaşlı Vüqar Qədimov bildirdi.

Söküntü işi plana uyğun aparılmayıb…

Söhbət etdiyimiz sakinlərin dediyinə görə, söküntü işləri plana uyğun aparılmayıb. Belə ki, plana görə, Nəriman Nərimanov prospekti tam sökülməliymiş, bundan sonra Abdulla Şaiq küçəsi və beləcə aşağı məhəlləyə doğru küçələrin sökülməsi nəzərdə tutulubmuş.

Deməli, proses zamanı qohumluq və dostluq əlaqələri rol oynayıb deyə, söküntü işləri ayrı-ayrı yerlərdə aparılıb. Evini satan şəxslərin daşınmaz əmlakının ölçüsü alqı-satqı müqaviləsində olduğundan böyük göstərilib. Bu işin adını da "kim evini satmağa razılaşdısa, onu sökdük" qoyublar. Onu da öyrəndik ki, evləri sökülən sakinlərin başqa əraziyə köçməsi nəticəsində "Sovetski"də fəaliyyət göstərən dükan və apteklərin sahibləri zərərə düşməmək üçün obyektlərini bağlayıblar.

"Sovetski"də rusların evləri niyə sökülmədi?

Müşahidə etdik ki, N. Nərimanov prospekti boyunca evlər kütləvi şəkildə sökülsə də, 2 mənzilə toxunulmayıb. Məlum oldu ki, bu evlərdə yaşayanlar rus əsilli Azərbaycan vətəndaşlarıdırlar. Onlar daşınmaz əmlaklarının kvadratının 1500 manatdan alınmasına etiraz ediblər. Ruslar məsələ ilə bağlı şikayətlərini Rusiyanın Bakıdakı səfirliyinə və beynəlxalq təşkilatların buradakı ofislərinə müraciət edərək bildiriblər. Problemlə yerində tanışlıq üçün səfirliklərin nümayəndələri evlərdə olub və onları narahat edən məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət edəcəklərini bildiriblər. Bundan sonra onların evləri toxunulmaz olaraq qalmaqdadır. Hazırda rusların yaşadığı ərazi bir adanı xatırladır. Belə ki, həmin ərazidə onlardan başqa kimsə yaşamır, sökülməyən ev qalmayıb.

"Sovetski"dən gedən müraciətlərə cavab verilmir

Söhbət etdiyimiz sakinlər bildirirlər ki, sökülən evlərin qonşuluğundakı mənzillərdə çatlar yaranıb. Yaşayış olan evlərin sahibləri kommunal xidmət sahəsində olan problemdən də əziyyət çəkirlər. Burada kanalizasiya xətti yararsız vəziyyətdədir. Rabitə xəttində, eləcə də suyun, qazın və elektrik enerjisinin verilməsində tez-tez problem yaşanır.

Sakinlər gileylənir ki, "Sovetski"də söküntü prosesi başlayandan sonra qarşılaşdıqları problemlərlə bağlı aidiyyatı dövlət qurumlarına etdikləri müraciətə biganə yanaşılır.

Şahidi olduq ki, evlərin sökülməsi nəticəsində nəqliyyatın da küçələrə daxil olması çətinləşib. Buna misal kimi söküntülərin aparıldığı Bəşir Səfəroğlu, Vidadi, Mirzağa Əliyev, Murtuza Muxtarov, Abdulla Şaiq və Zərgərpalan küçələrinin adını çəkmək olar.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti bildirir ki, Bakı merinin 12 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, söküntü ərazisinə düşən 10 min 500-dək yaşayış və qeyri-yaşayış sahəsi söküləcək. Sərəncamda Bakı şəhərinin Baş Planının icrası və yol infrastrukturunun təkmilləşdirilməsini təmin etmək nəzərdə tutulub. Məlumatda bu günə qədər 2300 ailənin köçürüldüyü və 2280 evin söküldüyü bildirilir.

Köçürmə Komissiyasının sədri S.İslamov bildirib ki, qurum hazırda əsas diqqəti ölçü və inventarlaşdırma işlərinə yönəldib. O bunun səbəbini də açıqlayıb. Bildirib ki, ölçü və inventarlaşdırma işlərinin tam yekunlaşdırılması nəticəsində bizim əlimizdə tam, komplektləşdirilmiş sənəd olacaq ki, nəzərdə tutulan bütün yaşayış və qeyri-yaşayış sahələri ölçülüb: "Bu proses başa çatandan sonra müraciət edən bütün sakinləri qəbul etməyə və bütün mərhələlər üzrə söküntü işlərini aparmağa hazır olacağıq. Əvvəlcə belə idi ki, ölçü və inventarlaşdırma işlərinin aparıldığı birinci mərhələ Bakının Yasamal rayonunda N.Nərimanov heykəlindən Vergilər Nazirliyinə qədər ərazini, ikinci mərhələ "Sovetski"dən Abdulla Şaiq küçəsinə qədər ərazini əhatə edirdi, bu ərazilərdə 3500 yaşayış və qeyri-yaşayış sahəsi var idi. Biz o insanları qəbul edə bilirdik. Amma bütün 6 mərhələ - 10 min 500 obyekt üzrə ölçü və inventarlaşdırma işlərini apardıqdan sonra bu ərazidə yaşayan insanların sorğusuna cavab verəcəyik və bütün ərazi üzrə onların köçürülməsini təmin etmək iqtidarında olacağıq. Yoxsa indiyə qədər sakin köçmək üçün müraciət edirdi, bizdə onun sənədi, evinin ölçüləri olmurdu. Ölçü və inventarlaşma işləri başa çatandan sonra bu işləri tam görmək mümkün olacaq. Digər tərəfdən bu addım qanunsuz tikinti işlərinin aparılması cəhdlərinin də birdəfəlik aradan qaldırılmasını şərtləndirəcək. Yəni vətəndaşların apardığı hər hansı əlavə tikinti onların sadəcə vəsaitlərini itirməsinə səbəb olur. Ölçü və inventarlaşdırma işlərinin tam yekunlaşması ilə vətəndaşlar da bir daha biləcək ki, sərəncamdan sonrakı dövrdə bu ərazidə aparılan hər hansı tikintinin pulu ödənilməyəcək".

S.İslamovun bu açıqlamasından belə məlum olur ki, ən azı yaxın aylarda Komissiya vətəndaşlarla alqı-satqı əməliyyatlarına getməyəcək. "Sovetski" ərazisində sökülməsi nəzərdə tutulan bütün evlər tam ölçülüb, invertarlaşdırma aparıldıqdan sonra vəsaitlər ödənilib, vətəndaşlar köçürüləcək. Bəzi ekspertlər bunun səbəbini neftin qiymətinin ucuzlaşması nəticəsində büdcədə yaranan vəsait qıtlığı ilə əlaqələndirirlər.

İqtisadçı ekspert Rövşən Ağayevin isə "Facebook"da açıqladığı məlumata görə, 2015-ci ilin dövlət büdcəsindən "Sovetski"nin köçürülməsinə 180 milyon manat vəsait ayrılıb. Ekspert bu vəsaitin xərclənib, xərclənməyəcəyinin yaxın aylarda məlum olacağını qeyd edib.

"Bizim Yol" qəzeti
































Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR