Həmidə xanım Cavanşirin ev-muzeyi ağcabədililərin həvəslə üz tutduqları məkanlardandır

Həmidə xanım Cavanşirin ev-muzeyi ağcabədililərin həvəslə üz tutduqları məkanlardandır
11:43 22 Yanvar 2015
702 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 22 yanvar, Tahir Ağaməmmədov, AzərTAc 
Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyi ağcabədililərin və rayonun qonaqlarının həvəslə üz tutduqları məkanlardandır.
Muzeyin direktoru Zeynəb Quliyeva AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, Həmidə xanım Cavanşir 1873-cü ilin yanvarın bu evdə - Qarabağ xanı Pənahəli xan Cavanşirin nəticəsi Əhməd bəyin ocağında dünyaya gəlib. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetməlik illərində rus dilini səlis öyrənərək o dövrün qızları üçün səciyyəvi olmayan yüksək intellekti, geniş dünyagörüşü ilə seçilib. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə edib. 1905-ci ildə atasının şeirlər kitabını nəşr etdirmək üçün Tiflisə gedən Həmidə xanım burada Cəlil Məmmədquluzadə ilə tanış olub. 1907-ci ildə Həmidə xanım Mirzə Cəlillə ailə qurub və ədibin ömrünün sonunadək çətin və kəşməkeşli həyat yollarında həmişə ona dayaq olub.
Həmidə xanım Kəhrizli kəndində kəhriz vurdurub, toxuculuq emalatxanası, məktəb açıb və burada dərs deyib. O, yoluxucu xəstəliklərə qarşı peyvənd etməyi, həmçinin həmin xəstəliklərə tutulanlara yardım göstərməyi öyrənərək kəndliləri müalicə edib. Böyük xeyriyyəçi kimi yaddaşlara həkk olunan Həmidə xanım tək Kəhrizli kəndinin deyil, ətraf kəndlərdən də kömək üçün pənah gətirən insanlara dayaq olub, o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib.
Həmidə xanım Cavanşir Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olub, 1912-ci ildə Zaqafqaziya pambıqçılarının XIII qurultayında məruzə edib.
Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Azərbaycan Yazıçılar İttifaqına üzv seçilib, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə alıb. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri xiyabanda- Mirzə Cəlilin məzarı yanında dəfn olunub.
Z. Quliyeva bildirib ki, Həmidə xanımın evi Sovet hakimiyyəti illərində əvvəlcə orta məktəb, sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində isə burada məcburi köçkünlər məskunlaşıb. 2005-ci ildə təmir edilən evdə muzey yaradılıb. Ev- muzeyin ümumi sahəsi 360 kvadratmetr, ekspozisiya sərgi sahəsi 120 kvadratmetrdir. Muzeyin 4 ekspozisiya salonunda ümumilikdə 192 eksponat nümayiş etdirilir. Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, plakatlar, əl işləri, məişət əşyaları (divar saatı, şamdan, kömür ütüsü, çıraq, güldan, qablar), əlyazmalar, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, qəzet və jurnallar, xatirə albomu, evin qarşısındakı daşdan yonulan qoç fiquru ziyarətə gələnlərin böyük marağına səbəb olur. Muzeyə tez-tez məktəblilərin ekskursiyaları təşkil edilir. Təkcə 2014-cü ildə muzeyin 2 min nəfərə yaxın ziyarətçisi olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hemide_xanim_Cavansirin_ev_muzeyi_agcabedililerin_hevesle_uz_tutduqlari_mekanlardandir-826597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR