Azərbaycan və türk icmaları Qanlı Yanvarın 25-ci ildönümünü Vaşinqtonda birgə qeyd ediblər

Azərbaycan və türk icmaları Qanlı Yanvarın 25-ci ildönümünü Vaşinqtonda birgə qeyd ediblər
12:03 22 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 22 yanvar, Yusif Babanlı, AzərTAc
Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarını silah gücünə boğmağa çalışan Sovet qoşunlarının törətdiyi 20 yanvar hadisələrindən 25 il ötür. Azərbaycan xalqı üçün faciəvi olduğu qədər də, hüdudsuz qürur mənbəyi olan bu qanlı hadisələrin 25-ci ildönümü ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən yanvarın 21-də təşkil olunmuş xüsusi mərasimlə yad edilib.
ABŞ-da yaşayan Azərbaycan və türk icmalarının çoxsaylı təmsilçilərinin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə çıxış edən səfir Elin Süleymanov 25 il öncə baş vermiş hadisələri xatırladıb. O, qanlı Yanvar faciəsinin Azərbaycan xalqının milli-mənəvi dirçəlişi və ölkəmizin müstəqillik yolunda daha inamla irəliləməsinə təkan verdiyini vurğulayıb. 1990-cı ilin yanvarında Moskvada tələbə olduğunu söyləyən E.Süleymanov ümummilli lider Heydər Əliyevin Bakıdakı qanlı hadisələrin səhəri günü - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, səsləndirdiyi tarixi bəyanatdan bəhs edib. Səfir deyib ki, SSRİ-nin ən məşhur liderlərindən biri Heydər Əliyevin Azərbaycanın ağır günlərində xalqın yanında olması milli birliyin təmin edilməsində əvəzedilməz rol oynayıb.
Daha sonra mərasimdə Azərbaycan tarixi üzrə çoxsaylı araşdırmaların və 1992-ci ildə nəşr edilmiş “Azərbaycan türkləri” kitabının müəllifi, Massaçusets Amherst Universitetinin professoru, Vaşinqtonda Vudro Vilson Mərkəzində ziyarətçi tədqiqatçı olan Odri Olstadt (Audrey Altstadt) “20 Yanvar” hadisələrinin tarixi aspektlərinə özünün topladığı əyani materiallara istinadla nəzər salıb. O.Olstadt Qara Yanvarın Sovet rəhbərliyinin gözlədiyinin əksinə olaraq, Azərbaycan xalqının müstəqillik iradəsini daha da möhkəmləndirdiyini vurğulayıb. O, eyni zamanda ABŞ tarixi ilə birbaşa paralel apararaq prezident Abraham Linkolndan tarixi bir sitat gətirib: Hər bir xalqın müstəqillik və azadlıq yolunda qurban verməsini yalnız faciəvi bir hadisənin xatirəsi kimi deyil, həmçinin mütərəqqi gələcək qurmağa ilhamlandıran bir mənbə kimi qəbul etmək lazımdır.
Azərbaycan icmasının fəal üzvlərindən Həbib Azərsina öz növbəsində 20 Yanvar faciəsi barədə məlumatların ABŞ mediası və ictimaiyyətinə məhdud şəkildə çatdığını qeyd edərək, həmin günlərdə Azərbaycanla əlaqə yaradıb, məlumat toplanması istiqamətində görülmüş tədbirlər barədə danışıb. O, həmçinin Azərbaycan xalqının səsini Vaşinqtonda eşitdirmək üçün vaxtilə SSRİ-nin ABŞ-dakı səfirliyi qarşısında digər soydaşlarımızla birgə keçirdikləri etiraz aksiyasından söz açıb.
Mərasim çərçivəsində tədbir iştirakçılarına 1990-cu ilin yanvarında Bakının küçə və meydanlarında lentə alınmış və 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillər nümayiş olunub.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_turk_icmalari_Qanli_Yanvarin_25_ci_ildonumunu_Vasinqtonda_birge_qeyd_edibler-826611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR