Rusiya yeni müharibəyə başlayır?

Rusiya yeni müharibəyə başlayır?
13:22 22 Yanvar 2015
215 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın şərqində müharibə gedir. Gərçi hərbi əməliyyatlarla bağlı "əməlli-başlı" ifadəsi işlətmək yerində yazılmış sözlər sayılarsa, onda həmin ifadəni artıq yazdığımı düşünün.
 
Çünki Ukraynanın şərqindəki döyüşlərdə kölgədə duran dövlətin nə əməllərində məntiq var, nə də o məntiq olsa belə, baş görünmür.
Şərqdə Rusiyanın dəstəklədiyi ekstremistlərin hücumları daha da intensivləşib. Donetsk şəhərinin xarabazarlığa döndərilmiş hava limanındakı ukraynalı hərbçilər geri çəkilmək məcburiyyətində qalıblar.
Donbasda situasiya artıq günbəgün yox, saatbasaat gərginləşməkdədir.


 
Donestkdəki separatçılar Ukrayna qoşunlarının mövqelərinə aramsız hücum edirlər. Luqansk istiqamətində də terrorçular sakitləşmək niyyətində deyillər. "Donbas" alayının döyüşçülərinin dediklərinə görə, tərkibində rusiyalı hərbçilərin və xüsusi təyinatlı döyüşçülərin olduğu dəstələr Baxmut şossesindəki 31-ci blokposta hücum edərək onu darmadağın ediblər.
 
Bu blokpostun strateji önəmi çox böyükdü, çünki Donetskdən Ukraynanın qərbinə aparan yolda separatçıların qarşısını kəsən sədlərdən biri idi.
Üstəlik, ekstremistlər artıq hərbi-hava qüvvələri yaratmağa başladıqlarını da deyiblər. Onlar bəyanat yayaraq bildiriblər ki, SU-25 qırıcı və L-20 təlim-məşq təyyarələrinə malikdirlər.
 
Ekspertlər isə bildirirlər ki, təyyarələrlə bağlı açıqlama əslində Ukraynanın şərqində Rusiyanın hərbi-hava qüvvələrinin tətbiqinə başlamağa hazırlaşmasından xəbər verir. "Bu informasiya kampaniyasının məqsədi az sonra Ukraynanın şərqində səmada rus hərbi təyyarələrinin peyda olmasını pərdələmək, gizlətmək və o təyyarələri separatçıların "hərbi-hava qüvvələri" kimi qələmə vermək planıdır", - ekspertlər söyləyiblər.
 
Kiyevdəki "Penta" Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Fursenkonun dediyinə görə, Donbasda hərbi əməliyyatların aktivləşməsi Rusiya prezidenti Vladimir Putinin ekstremistlər və separatçılar vasitəsilə Donetsk hava limanını ələ keçirəndən sonra Ukrayna qoşunlarını Donetskdən mümkün qədər kənarlaşdırmaq istəyindən xəbər verir:



"Rusiya prezidenti qoşunlarımızı hazırda döyüşlərin aktivləşdiyi Luqanskdan da uzaqlaşdırmaq niyyətindədir. Taktiki məqsəd isə Ukrayna hərbçilərini strateji istiqamətlərdə bölgələrdən mümkün qədər uzaqlaşdırmaq, bununla da separatçılarla aramızda yeni cəbhə-münaqişə xəttini formalaşdırmaq və yalnız sonucda ağır artilleriyanın qarşılıqlı şəkildə geri çəkilməsinə nail olmaqdır. Eyni zamanda, Ukraynanın şərqində hərbi əməliyyatların yenidən aktivləşdirilməsində məqsəd Donbasdakı qanlı olaylar vasitəsilə Ukrayna və Avropa Birliyini məhz Rusiyanın diqtə etdiyi şərtlər əsasında atəşkəsə vadar etməkdir. Söhbət ilk növbədə Ukraynanın şərqində separatçıların bilavasitə Rusiyanın dəstəyi, göstərişi və nəzarəti ilə yaratdıqları qondarma "Luqansk Xalq Respublikası" və "Donetsk Xalq Respublikası"nın müstəqil dövlətlər qismində danışıqlar subyektinə çevrilməsinə nail olmaqdır.

Ən nəhayət, Rusiyanın əsas məramlarından biri də Minsk anlaşmalarına məhz Moskvanın şərtləri əsasında yenidən baxılmasıdır".
Danışıqlara - formatından və məqsədindən asılı olmayaraq - başlamaq üçünsə hərbi əməliyyatlar dayandırılmalı, atəşkəs olmalıdır. Rusiya tərəfi hələlik belə meylini nümayiş etdirmir.


 
Əsas məsələ isə Ukraynanın davranışıdır. Əgər Ukrayna rəhbərliyi ölkənin şərqində mövqelərini qoruyaraq müdafiə qüdrəti ilə hərbi potensialının yüksək səviyyədə olduğunu göstərərək işğalçılarla separatçıların qarşısını ala bilərsə, bu məqam danışıqlarda çox mühüm amilə çevrilə biləcək. Belədə də Rusiya öz strategiyasını reallaşdıraraq Kiyevi bəlli şərtlər çərçivəsində danışıqlara vadar edə bilməyəcək.
 
Separatçıların "hərbi-hava qüvvələrinin yaradılması" barədə bəyanatlarına gəldikdə isə, V.Fursenko hesab edir ki, Luqansk və Donbasdakı ekstremistlər münaqişə zonasında ukraynalı hərbçilərin mövqelərini Rusiya təyyarələri vasitəsilə bombalamaq, raket zərbələrinə tuş etmək istəyirlər.
Ukraynanın şərqinin səmasında yalnız Rusiyanın təyyarələri peyda ola bilər. Və onda münaqişədə Rusiyanın iştirakını gizlətmək hətta çox çətin prosesə çevriləcək.


 
Ukraynalı müşahidəçilərin fikrincə, Rusiyanın indi "hibrid savaş" formatında Ukraynanın şərqindəki hərbi əməliyyatlarda iştirakı və ya "könüllülər" kimi qələmə verilən rusiyalı hərbçilərin döyüş bölgəsinə göndərilməsindən fərqli olaraq, Rusiyanın aviasiyasının döyüşlərə qatılması bilavasitə iştirak sayılacaq. Bu isə Rusiyaya qarşı yeni sanksiyalar dalğası yaradacaq.
 
Üstəlik, ABŞ və Avropa Birliyi Ukraynaya ayırdıqları birbaşa yardımların həcmini artıracaqlar.
Rusiya isə iddiaları əsassız sayır və səslənən ittihamları rədd edir.
 
Rusiyalı politoloq, Karneqi Fondunun aparıcı elmi işçisi Liliya Şevtsovanın fikrincə, Donbasdakı situasiya dalana dirənib: "Bu isə o deməkdir ki, Donbas faciəsinin iştirakçıları olan Ukrayna, Rusiya və Qərb mövqelərindən geri çəkilmək istəməyərək maraqlarını uzlaşdıra bilmirlər. Rusiyanın bu hərbi əməliyyatlarda bilavasitə iştirakı iddia edilsə də, konkret dəlil-sübutlar yoxdur. Deməli, bilavasitə iştirakdan danışmaq olmaz".
Onun fikrincə, Donbasdakı indiki vəziyyət qaçılmaz idi.


 
"Minsk anlaşmalarının yerinə yetirilməməsinin əsas səbəbləri böhrandan çıxışla bağlı Moskva və Kiyevin mövqeləri arasındakı kəskin fərqlər, ziddiyyətlərdir", - L.Şevtsova söyləyib.
 
Qərb isə Ukraynadakı faciədə kimin "daha çox günahkar" olduğunu aydınlaşdırmaqdan usanıb.
ABŞ prezidenti Barak Obama və Almaniyanın federal kansleri Angela Merkelin Donbasdakı son olaylarla bağlı tutduqları mövqelərdəki yenilikləri isə az sonra görəcəyik.


 
Hər halda rəsmi Moskvanın ötən həftə bəyan etdiyi "sankisyaların yumşalması gözlənilir" prosesinin yaşanmayacağı artıq şübhə doğurmur.
 
Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR