Xalq yazıçısı Elçinin “Qatil” pyesi əsasında eyniadlı film çəkilib

14:28 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Gürcüstanda xalq yazıçısı Elçinin “Qatil” pyesi əsasında eyniadlı film çəkmişik. Filmin çəkilişlərini bu yaxınlarda bitirdik. Bu Gürcüstanla Azərbaycan arasında müştərək layihədir. Montaj və digər işlər bitəndən sonra, yəni cari ilin yazın sonlarında filmin premyerasının keçirilməsi planlaşdırılır. Gürcü aktyorların oynadığı film Azərbaycan dilinə dublyaj olunacaq.
Bu sözləri Finlandiyada yaşayan həmvətənimiz, rejissor Kamran Şahmərdan AzərTAc-a müsahibəsində söyləyib.
O, həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihə həyata keçirmək fikrində olduqlarını deyib.
Rejissor diqqətə çatdırıb ki, artıq beş ildir Akademik Milli Dram Teatrının repertuarında olan “Teleskop” tamaşası yanvarın 28-də də nümayiş olunacaq.
Bundan əlavə, K.Şahmərdan bildirib ki, ötən il Rusiyanın Kemerovo şəhərində V.Şekspirin “Maqbet”, Qoqolun “Evlənmə”, F.Dostoyevsikinin “Ölü evdən qeydlər” əsərlərini səhnələşdirib.
Qeyd edək ki, bu günədək rejissor S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Jan Anuyun “Torağay”, Elçinin “Cəhənnəm kirayənişinləri” əsərlərini, öz əsəri əsasında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Ağ və Qara”, Milli Dram Teatrında Elçinin “Teleskop” tragikomediyası əsasında tamaşalar hazırlayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_yazichisi_Elchinin_Qatil_pyesi_esasinda_eyniadli_film_chekilib-826689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR