Sarı əjdaha Avropanı fəth etmək istəyir

Sarı əjdaha Avropanı fəth etmək istəyir
14:52 22 Yanvar 2015
197 Dünya
Ölkə mətbuatı
A- A+

Bir sıra ekspertlər Çinlə Avropa İttifaqı arasında alyansın formalaşa biləcəyini proqnozlaşdırırlar. Onlar tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayırlar. Çinin daha çox təşkilata daxil olan ölkələrin iqtisadi və tikinti sferalarına sərmayə yatırdığı bildirilir. Doğrudan da, son illər Pekin Avropada bir sıra iri layihələr həyata keçirməyə başlayıb. Aİ-yə üzv olan ölkələrdə konkret işlər görməklə yanaşı, öz ssenarisinə uyğun "İpək Yolu" marşrutunu da canlandırmağa çalışır. Bu sırada Çindən Madridə qədər yük daşımaları üzrə dəmiryolunun işə salınması planı diqqəti daha çox çəkir. Bununla geniş bir ərazidə Çinin təsir imkanları artmış olur. Proqnozlara görə, Pekin həmin aspektdə fəaliyyətini daha da artıracaqdır. Bunun fonunda Aİ-Çin münasibətlərinin inkişaf dinamikası həqiqi mənada aktual görünür.

Əlaqələr genişlənir: Avropanın Çinə olan ehtiyacı

Qərbin başının Rusiyaya qarşı mübarizəyə qarışdığı bir zamanda mütəxəssislər digər aktual məsələyə diqqət yönəldirlər. Onlar Pekinin yaranmış vəziyyətdən istifadə edərək Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa can atdığını qeyd edirlər. Bu istiqamətdə Çin rəhbərliyi konkret addımlar da atıb. Brüsselin bu prosesə münasibəti isə hələlik tam aydın deyil. Bir sıra hallarda Aİ Çinlə əlaqələri inkişaf etdirməyə cəhdlər edir, lakin əks tərəfin öz maraqlarını diqtə etmək istəyini duyan kimi, mövqeyini sərtləşdirir.

Belə bir hal Pekinin öz milli pul vahidinin Beynəlxalq Valyuta Fondunun ehtiyatına daxil etdirilməsi tələbini verdikdə yaranmışdı. Hələlik ABŞ dolları, avro, ingilis funtu və yapon yeni ehtiyat valyuta kimi qəbul edilir. Maraqlıdır ki, Aİ Pekinin bu addımını "alçaldıcı və təhqiramiz" adlandırdı (bax: Пётр Искандеров. Китай-Европа: новый альянс? (I) / "Фонд Стратегической Культуры", 29 dekabr 2014).

Nəticədə tərəflər arasında kiçik ticarət müharibəsi başladı. Ancaq bunun perspektivsizliyini indi Brüssel də anlayır. Burada daha çox Ukrayna böhranının dərinləşməsi və Çinin Avropa ölkələri ilə ikitərəfli əlaqələri yeni səviyyəyə qaldırması rol oynayır.

Adəti üzrə Çin sosial, iqtisadi, tikinti və mədəni sahələr üzrə proqramların həyata keçirilməsinə üstünlük verir. Həmin sırada ilk olaraq Çindən İspaniyaya qədər dəmiryolu xəttinin işə salınması göstərilir. Ekspertlərə görə bu, Çin ssenarisi üzrə "İpək Yolu"nun təşkilidir ki, qlobal miqyasda dəyişikliklərə təkan verə bilər. Çünki həmin marşrut Qazaxıstan, Rusiya, Polşa, Almaniya, Fransa və İspaniyanı əhatə edir. Etiraf edək ki, bu, kifayət qədər geniş geosiyasi məkandır.

Burada iki məqamı vurğulamaq olar. Onlardan biri bütövlükdə geosiyasətin mahiyyətinin dəyişə bilməsidir. Yəni Çin öz nümunəsində iqtisadi, enerji, ticarət və mədəniyyət sahəsində geniş əməkdaşlıq şəbəkəsi yaratmağa üstünlük verməklə Qərbin indiyə qədər əsas hesab etdiyi təsir mexanizmlərinin perspektivsizliyini ortaya qoyur. Dünya üzrə böhranın dərinləşdiyi bir zamanda belə bir addımın səmərəli olacağına inanırlar.

Digər məqam Avrasiya inteqrasiyası ideyasının yalnız Moskvanın təklif etdiyi modellə məhdudlaşmayacağına əminliyin olmasıdır. Bunu artıq Qərbin təklif etdiyi inteqrasiya ssenarilərinə ciddi alternativ hesab etmək olar. Çünki bu, çox böyük bir ərazidə xeyli sayda dövlətin əməkdaşlığını təmin edə bilər və bu zaman siyasi mövqe əsas rol oynamaz.

Maraqlıdır ki, bu proses BRİKS və ŞƏT-də inteqrasiya prosesinin dərinləşməsi fonunda baş verir. Həmin regional təşkilatlar gələcək qlobal əməkdaşlıq modellərinin əsası ola bilərmi? Hələlik bu suala cavab verilməsə də, onun qoyuluşunun özü bir sıra məqamlardan xəbər verir. O cümlədən ABŞ-ın dünyanın müxtəlif regionlarında müşahidə edilən müharibələrdə adının hallandırılması Çinin təkliflərinin reallaşma şansını artırır.

Faktlar göstərir ki, Pekin sadəcə təkliflər verməklə kifayətlənməyib, praktiki addımlar da atır, müxtəlif layihələri reallaşdırır. Eyni zamanda, strateji əhəmiyyətli proqramlar irəli sürür. Məsələn, 2011-ci ildə Çin Aİ-ni maliyyə böhranından xilas etmək üçün 100 milyard dollar yardım təklif etmiş (bax: əvvəlki mənbəyə), əvəzində təşkilatdan müəyyən güzəştlər istəmişdi. Doğrudur, Brüssel həmin təklifə müsbət reaksiya vermədi, lakin tərəflər arasında ticarət dövriyyəsi sürətlə inkişaf etməyə başladı.

2013-cü ildə Aİ-nin Çinlə xarici ticarət dövriyyəsi 428,062 avro təşkil edib. Bu, Avropa İttifaqının ABŞ-la ticarətinin həcmindən bir qədər az olsa da, Pekin Avropadan mal ixracatında Amerikanı qabaqlayır və bu tendensiyanın artacağı proqnozlaşdırılır.

İqtisadi layihələrdən geosiyasətə: Pekin təmkinli davranır

Bunlardan başqa, Çin Avropa ölkələrində iri layihələri maliyyələşdirməyə başlayıb. Belqradla Budapeşt arasında sürət magistralının tikintisini Çin şirkəti həyata keçirir. Şərqi Avropa ölkələrinə Pekin 10 milyard dollar həcmində kredit ayırmağı qərara alıb. Rumıniya, Serbiya, Polşa, Yunanıstan və digər Aİ ölkələrində Çin şirkətləri böyük maliyyə vəsaiti qoyaraq proqramlar həyata keçirirlər. Əsas məqam ondadır ki, bu müstəvidə Çinin Avropa ölkələri ilə əlaqələri ildən-ilə genişlənir. Artıq milyardlarla dollar həcmində Çin sərmayələri Aİ-yə üzv olan dövlətlərə yatırılıb.

Bu proses Avropa İttifaqının daxilində çətinliklərin artması fonunda baş verir. İşsizliyin səviyyəsi burada hiss ediləcək dərəcədə aşağı düşmür. Sosial-iqtisadi sferalarda inkişaf ləngiyir, bir sıra hallarda isə tənəzzül müşahidə edilir. Məsələn, Almaniya kimi güclü iqtisadiyyatı olan bir dövlətdə 2013-cü ildən başlayaraq "texniki tənəzzül" müşahidə edilir. Sənaye sektorundan yeni texnologiyalara sifarişlər azalır. 2014-cü ildə bu tendensiya yeni səviyyəyə qalxıb.

Alman ekspertlər hesab edirlər ki, milli iqtisadiyyat hələ uzun müddət ləng inkişaf edəcəkdir. Bu, bütövlükdə Aİ üçün ciddi təhlükə sayılır. Təşkilata daxil olan digər ölkələrdə vəziyyət daha ağırdır. Özü də məsələ yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Cəmiyyətin sosial-psixoloji durumu da ağırlaşır. Gənclər radikal və ekstremist qruplara daha çox meyl edirlər. Onlar arasında narkotik vasitələrə aludəçilik geniş yayılmağa başlayıb.

Burada mütəxəssislər səbəb kimi ABŞ-ın tələbi ilə Rusiyaya qarşı sanksiyaların tətbiqini də göstərirlər. Belə çıxır ki, Çinin Avropa İttifaqı ölkələri ilə əlaqələrini genişləndirmək strategiyasının çox müxtəlif səbəbləri vardır. Rusiya faktoru da buraya daxildirsə, onda bu, Aİ üçün daha mürəkkəb bir vəziyyətin yaranması deməkdir. Bu, onu Çindən daha asılı vəziyyətə sala bilər.

Məsələ Ukrayna böhranı ilə sıx bağlıdır. Avropa Kiyevi əldən vermək istəmir. Moskvanın da geri çəkilmək planı yoxdur. Ancaq bu iki qüvvə arasında mübarizə kəskinləşdikcə, Çinin fəallığı da artır. Bu halda Brüssel üçün Rusiyadan daha güclü bir rəqib meydana çıxır. Bu ziddiyyətli məqamda Avropa İttifaqı necə davranmalıdır?

Görünür, Brüssel bu məsələnin üzərində çox düşünməli olacaq. Pekin isə səbirlə öz planlarını yerinə yetirmək istiqamətində addımlarını davam etdirir.

Bunlar onu göstərir ki, Çinin Aİ ilə yeni səviyyədə iqtisadi-ticari əlaqələr qurmaq istiqamətində həyata keçirdiyi proqramlar ortaya təhlükəsizlik faktorunu da çıxarır. Qərb ekspertləri bununla bağlı çoxlu sayda risklərin özünü göstərdiyini vurğulayırlar. Onların sırasında İŞİD kimi terror təşkilatları ilə yanaşı, Çinin mövcud böhrandan istifadə edib, Qərbə öz marağına uyğun təhlükəsizlik modelləri təklif edə bilməsi də göstərilir (bax: Charles Doran, Jakub Grygiel. Rethinking European Security / "The National Interest", 29 dekabr 2014). Hətta ABŞ-ın bütün bunları nəzərə alaraq Rusiyaya Avrasiya məkanında müəyyən dərəcədə sərbəst fəaliyyət imkanı verə biləcəyindən yazırlar.

Təbii ki, bu dünyada heç də hər şey ABŞ-ın və ya Çinin ixtiyarında deyil. Lakin yuxarıda təsvir edilən vəziyyət onu göstərir ki, Pekin ardıcıl olaraq, inadla qlobal miqyasda nüfuzunu artırmaqdadır. Bunun Aİ-ni də əhatə etdiyi müşahidə olunur. Hələlik onlar arasında hansısa alyansın yarandığını demək çətindir. Eyni zamanda, proseslərin müəyyən ssenari üzrə gedəcəyi təqdirdə bunu istisna etmək də doğru olmazdı. Bu baxımdan Çinin Qərblə münasibətlərinin taleyi olduqca böyük maraq doğurur.

Burada Rusiya amilini kənara qoymaq olmaz. Moskva dünyada güclü mövqeyə malikdir. Onun Çinlə böyük əməkdaşlıq sazişləri də var. Əsas məqam ondan ibarətdir ki, Pekin dünya liderliyinə can atır və bu yolda heç kəsə güzəştə getmək istəmir. Həmin kontekstdə onun Brüssellə əlaqələri genişləndirmək planlarından Aİ-nin ehtiyatlanmasının tam əsası vardır.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR