"Elektron təhsil" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

10:37 26 Dekabr 2014
80 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 10:32 ]

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Təhsil Nazirliyi tərəfindən keçirilən V "Elektron təhsil" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında bildirib ki, müsabiqəyə ümumilikdə 1104 layihə təqdim olunub: "Müsabiqənin rəsmi internet səhifəsində qeydiyyatdan keçən 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib".

 

Nazir müavini qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini gücləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

 

Qeyd edək ki, müsabiqə 3 istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqlənib.

 

Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara isə müxtəlif hədiyyələr verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR