Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikasıGəncə səhiyyəsi: uğurlar, perspektivlər

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikasıGəncə səhiyyəsi: uğurlar, perspektivlər
15:23 22 Yanvar 2015
634 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 22 yanvar, (AzərTAc
Son illər Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlərin bəhrəsini indi hər bir Azərbaycan vətəndaşı öz həyatında görür və hiss edir. Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, indi nəinki paytaxt Bakıda, eləcə də bölgələrdə ən müasir səhiyyə ocaqları inşa edilməklə, tibb müəssisələri yüksək ixtisaslı kadrlarla təmin olunub.
Bunu Gəncənin timsalında daha aydın görmək mümkündür. Əminliklə demək olar ki, artıq gəncəlilər müayinə və müalicə üçün digər yerlərə getmirlər. Sakinlər bilirlər ki, yaşadıqları şəhərin tibb müəssisələrində müalicə olunmaqla yenidən sağlamlıqlarına qovuşa bilərlər.
Bütün bunlar, ümumiyyətlə, Gəncə səhiyyəsinin uğurları və perspektivləri barədə şəhər səhiyyə idarəsinin rəisi, tibb elmləri doktoru, professor Əlikram Məmmədov AzərTAc-a eksklüziv müsahibəsində ətraflı məlumat verib.
- Son illər ölkəmizdə qazanılan uğurlardan söhbət açılanda səhiyyədə əldə olunan nailiyyətlər də göz önündə canlanır. Bu inkişaf Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hiss edilirmi?
-Şübhəsiz. Bu gün ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada ən müasir tibb ocaqları fəaliyyət göstərməsin. Qeyd etmək yerinə düşər ki, bu gün Gəncə səhiyyəsi sözün əsl mənasında sürətli inkişaf yolundadır. Hazırda burada 35 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 16-sı stasionar, 19-u poliklinika tiplidir. Şəhərin tibb müəssisələrində 852 həkim, 1742 nəfər tibb bacısı çalışır. Dövlət Proqramına uyğun olaraq keçən il şəhərdəki 245 çarpayılıq Abbas Səhhət adına xəstəxanada, 80 çarpayılıq infeksion xəstəxanasında və 6 nömrəli poliklinikada əsaslı təmir işləri başa çatdırılıb. Hazırda həmin tibb ocaqları üçün ən müasir tibbi aparatların alınıb gətirilməsinə başlanılıb.
Abbas Səhhət adına xəstəxanada əsaslı təmirdən sonra cərrahiyyə, travmatologiya, urologiya, anestezioligiya-reanimasiya, terapiya, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri, eləcə də fizioterapiya, müasir laboratoriya, ultrasəs müayinə və EKO bölmələri yaradılıb. Xəstəxananın nəzdində 40 aparatlıq rayonlararası hemodializ mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə qeydiyyata alınmış 248 xəstə xüsusi proqrama uyğun olaraq mütəmadi hemodializ olunur. Rayonlararası onkoloji xəstəxana üçün müasir standartlara cavab verən şüa korpusu istifadəyə verilib. Bu işdə Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda, Səhiyyə Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə şəhər psixiatriya xəstəxanası üçün müasir tələblərə cavab verən 2 korpus və yardımçı binaların tikintisinə başlanılıb. İnşaat işlərinin bu il başa çatdırılması nəzərdə tutulub. Uşaq stomatoloji poliklinika isə əsaslı təmirdən sonra istifadəyə verilib.
-Fikrimizcə, səhiyyə ocaqları təkcə gözəl və yaraşıqlı binalardan ibarət olmamalıdır. Müasir həkim ən son texnologiyalarla işləməyi bacarmalıdır. Bu məsələdə sizin mövqeyinizi bilmək maraqlı olardı...
-Tamamilə haqlısınız. Həkimlərin ilk növbədə müasir texnologiyalarla işləmələrinə təminat yaradılmalıdır. Yalnız bundan sonra onlardan istənilən nəticəni tələb etmək olar. Azərbaycanda səhiyyə islahatları aparılarkən bütün bunlar nəzərə alınır. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi və səhiyyə naziri Oqtay Şirəliyevin təşəbbüskarlığı ilə bu istiqamətdə də uğurlu göstəricilərə nail olunub. Məsələn, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına ayrı-ayrı vaxtlarda müasir narkoz, süni tənəffüs, rentgen aparatları, monitorlar, müasir əməliyyat lampaları, funksional çarpayı, rəqəmsal rentgen aparatı, biokimyəvi laborator analizator alınıb. Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən 4 ədəd yeni doğulmuşlara müsbət təzyiqlə süni tənəffüs verilməsi üçün “CPAP” aparatı verilib. Ümumiyyətlə, son bir neçə ildə Gəncənin tibb ocaqları çoxlu sayda müasir tibb avadanlıqları ilə təmin edilib.
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014- cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilməsinin, onların vaxtaşırı tibbi müayinədən keçirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə Gəncədə hansı işlər görülür?
- Dövlətimizin başçısı yalnız ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasda deyil, ümumiyyətlə, demək olar ki, bütün nitq və çıxışlarında əhalinin sağlamlığının qorunmasının vacibliyi məsələsinə toxunur və bu istiqamətdə öz dəyərli tövsiyələrini verir. Həmin tövsiyələri əldə rəhbər tutaraq bu sahədə işlərimizi yenidən qurmağa, əhalinin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsini təmin etməyə çalışırıq. Təkcə 2014-cü ildə Gəncədə 18 yaşdan yuxarı əhalinin 147 min 604 nəfəri tibbi profilaktik müayinədən keçirilib. Bu, ümumilikdə, həmin yaşda olan əhalinin 69, 7 faizini təşkil edir. Hazırda bu iş uğurla davam etdirilir.
-Təcrübə göstərir ki, həkim öz biliyini daim təkmilləşdirməsə, dünya səhiyyəsində baş verən yeniliklərdən məlumatı olmasa, onun tətbiq etdiyi müalicə üsulundan səmərə gözləməyə dəyməz.
-Tamamilə doğrudur. İnnovatik texnologiyaların inkişaf etdiyi indiki dövrdə insanlar internet resurslarından istifadə etməklə bütün sahələr kimi, səhiyyə sahəsindən də məlumatlar əldə edə bilirlər. Əgər həkim öz biliyini durmadan təkmilləşdirməsə, o, nəinki öz peşəsindən, ümumiyyətlə, cəmiyyətdən geri qalar. Bu baxımdan Gəncənin səhiyyə sistemində çalışan tibb işçilərinin bilik və peşə bacarığının artırılması istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə birgə tez-tez terapiya, pediatriya, stomatologiya ixtisasları üzrə aktual mövzularda distant kurslar keçirilir. Gəncə Regional Perinatal Mərkəzində Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının mütəxəssislərinin, həmçinin həmin ali məktəbin sinir xəstəlikləri kafedrası əməkdaşlarının iştirakı ilə elmi-praktik konfranslar təşkil edilir. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən Gəncə Regional Perinatal Mərkəzində yeni doğulmuşların reanimasiyası üzrə treninqlər, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin bir sıra aktual mövzularda təşkil etdikləri elmi-praktik konfranslar da bu baxımdan səmərəli olub.
- 2015-ci il yenicə başlayıb. Cari ildə Gəncənin səhiyyə müəssisələrində hansı yeniliklərin tətbiqi gözlənilir?
-Bilirsiniz, səhiyyə həyatımızın elə bir sahəsidir ki, hər an onun yeniliyə ehtiyacı olur. Şübhəsiz, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2015-ci il də bir çox yeniliklərə yaddaqalan olacaq. İstər yeni səhiyyə ocaqlarının inşası, istər mövcud binaların əsaslı təmiri və istərsə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görüləcək. Bu il psixiatriya xəstəxanası üçün yeni binanın, psixonevroloji və narkoloji dispanserlərin əsaslı şəkildə təmiri nəzərdə tutulub. Cari ildə elektron səhiyyə (elektron sağlamlıq kartının, tibbi müayinə kartının, elektron əmr, stasionarların fəaliyyətinə elektron nəzarət) sistemləri ilə bağlı tədbirlərin icrası, doğuşa yardım xidmətinin göstəricilərinin yaxşılaşdırılması üçün tədbirlər və uşaqların icbari dispanzerizasiyası davam etdiriləcək.
Bundan əlavə, yeni salınmış qəsəbələrdə əhalinin ehtiyaclarını ödəyə biləcək tibb müəssisələrinin yaradılmasına, həmçinin onların müayinə və müalicəsinə nəzarətin gücləndirilməsinə diqqət artırılacaqdır.
Bu il qarşımızda duran ən vacib məsələlərdən biri də gənc həkimlərin beynəlxalq təcrübələrdən yararlanaraq bilik və bacarıqlarının artırılması, bu sahədə onlara lazımi şəraitin yaradılmasıdır. Qeyd edim ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Gəncədə Cərrahlar və Pediatrlar cəmiyyətləri yaradılıb. Eyni zamanda, gənc həkimlərin xarici ölkələrdə və Bakının tanınmış tibb müəssisələrində təcrübə keçmələri üçün təşkilati işlərə start verilib. Bir sözlə, əsas məqsədimiz gələcəkdə Gəncədə səhiyyənin inkişafını daha da sürətləndirməkdir.
Sabir Əliyev
AzərTAc-ın müxbiri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_regionlari_son_10_ilde_dinamik_inkisafin_xronikasiGence_sehiyyesi_ugurlar_perspektivler-826710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR