Çuvaşiya-Azərbaycan birgə biznes layihələrinin inkişaf perspektivləri müzakirə edilib

Çuvaşiya-Azərbaycan birgə biznes layihələrinin inkişaf perspektivləri müzakirə edilib
15:38 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Rusiya Federasiyasının Çuvaşiya Respublikasının başçısı Mixail İqnatyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev və təşkilatın regional bölməsinin sədri Əziz Bədirov Çuvaşiya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
AzərTAc Çuvaşiya Respublikası başçısının rəsmi saytına istinadla xəbər verir ki, görüşdə, həmçinin Çuvaşiya Respublikası Nazirlər Kabineti sədrinin müavini – kənd təsərrüfatı naziri Sergey Pavlov, iqtisadi inkişaf, sənaye və ticarət naziri Vladimir Avrelkin, mədəniyyət, milli məsələlər və arxiv işi naziri Vadim Yefimov, Çeboksarı şəhər administrasiyasının başçısı Aleksey Ladıkov iştirak ediblər.
Mixail İqnatyev Çuvaşiya ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin yaradılmasının əhəmiyyətini qeyd edib.
M.İqnatyev vurğulayıb: “128 millətin nümayəndələrinin mehriban dostluq şəraitində yaşadıqları qonaqpərvər çuvaş torpağında Azərbaycan mədəniyyətinin inkişafına, eləcə də milli bayramların, festivalların, müsabiqələrin və digər mədəni-kütləvi tədbirlərin təşkilinə kömək göstərən “Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai Təşkilatının regional bölməsi layiqincə təmsil olunur.
Biz həm mədəniyyət, həm də iqtisadiyyat sahəsində əməkdaşlığa hazırıq. Çuvaşiya və Azərbaycan xalqlarının rifahı naminə birgə biznes layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaradacağıq. Çuvaşiyada elektrotexnika sahəsi, kiçik və orta sahibkarlıq uğurla inkişaf edir. Lakin ən əsası çuvaş xalqının xeyirxah qəlbidir”.
İlqar Hacıyev respublika ərazisində milli mədəni muxtariyyətlərin hərtərəfli inkişafına yaradılan bərabər şəraitə görə Çuvaşiyanın rəhbərinə təşəkkürünü bildirib.
Görüşdə tərəflərin qarşılıqlı faydalı əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə edilib. O cümlədən “Azərbaycan-Çuvaşiya” beynəlxalq mədəniyyət-sərgi mərkəzinin inşası, Azərbaycanda Çuvaşiyanın daimi ticarət nümayəndəliyinin açılışı, “Turunovskaya” aqrofirmasının bazasında quşçuluğun inkişafı, eləcə də Çeboksarı rayonunun ərazisində kənd təsərrüfatı loqistika mərkəzinin yaradılması üzrə birgə layihələrin reallaşdırılması müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHuvasiya_Azerbaycan_birge_biznes_layihelerinin_inkisaf_perspektivleri_muzakire_edilib-826722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR