Əliyev Davosda çıxış etdi

Əliyev Davosda çıxış etdi
18:01 22 Yanvar 2015
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev Forumun “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında iştirak edib.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.

İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: “Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.

Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.

Qeyd edək ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.

Yanvarın 25-dək davam edəcək və “Yeni qlobal kontekst” devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular daxildir.

Hər il olduğu kimi, bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən çox nümayəndə qatılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR