QHT-lərə Dövlət Dəstəyi Şurası ictimaiyyətə geniş hesabat verdi (FOTO)

QHT-lərə Dövlət Dəstəyi Şurası ictimaiyyətə geniş hesabat verdi (FOTO)
18:08 22 Yanvar 2015
327 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyətinin nəticələri haqqında hesabat konfransı keçirib.

Trend-in məlumatına görə, toplantını açıq elan edən Şura sədri, millət vəkili Azay Quliyev QHT-lərə dövlət dəstəyi Konsepsiyasında göstərilən istiqamətlər üzrə rəhbərlik etdiyi qurumun 2014-cü ildə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirdiyi fəaliyyətin uğurlu və məhsuldar olduğunu deyib. A.Quliyev Şuranın “Vətəndaş cəmiyyəti” jurnalının ötən il ərzində 12 nömrəsinin çap olunduğunu və orada 600-ə yaxın QHT-nin fəaliyyətinin işıqlandırıldığını bildirib. Eyni zamanda Qhtxeber.az saytı da 2014-cü ildə QHT-lərə məlumat dəstəyini davam etdirib və il ərzində 38.684 xəbər yayımlayıb.

Ötən il Şuranın "Xəzər" televiziyası ilə birgə hazırladığı “Cəmiyyət” verlişinin müxtəlif ictimai mövzulara həsr olunan 20 buraxılışı efirə gedib. A.Quliyev 2014-cü ildə yerli QHT-lərin 386 layihəsinə Şura tərəfindən ümumilikdə 2.928.292 manat vəsaitin ayrıldığını və onların icrası çərçivəsində 640 təlimin, 287 seminarın keçirildiyini, 23 kitab, 20 broşür, 71 buklet, 8 film, 5 sayt hazırlandığını deyib. Şura sədri 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi ilə bağlı fərman imzaladığını və artıq onun icrası ilə bağlı bir sıra addımların atıldığını vurğulayıb.

Ötən il “Şuşaya Azadlıq” kampaniyasının əhatə dairəsinin xeyli genişləndirildiyini bildirən A.Quliyev Şuranın sifarişi ilə “Şuşaya Azadlıq 22 dildə” videoçarxının hazırlandığını və xarici ölkələrdə təqdimatının keçirildiyini qeyd edib. O, 2014-cü ildə Şuranın 3 dövlət orqanı – Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq haqqında protokol imzaladığını bildirib. Şura sədri maliyyələşdirilən layihələr haqqında məlumatların əksini tapdığı kitabın da nəşr olunduğunu vurğulayıb.

Sonra Şuranın ötənilki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Konfransda Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun 2014-cü ildə fəaliyyətinə dair təqdimatla çıxış edib və bütün sahələr üzrə dəstəklənən layihələrə dair statistik göstəriciləri iştirakçılara çatdırıb. (Təqdimatla Şuranın rəsmi saytı – www.cssn.gov.az vasitəsi ilə tanış ola bilərsiniz)

Şura sədri Azay Quliyev ötən il vətəndaş cəmiyyəti sahəsində aparılan islahatları müsbət dəyərləndirdiyini bildirib və 2014-cü ili Azərbaycanın QHT sektoru üçün şəffaflıq dövrü adlandırıb.

Sonra QHT rəhbərləri Rauf Zeyni, Akif Nağı, Azər Həsrət, Vüqar Qədirov, Ruslan Atakişiyev, Radə Abbas, Şahlar Həsənov, Naibə Behbudova, Mirələkbər Seyidov, Əkbər Baydəmirli, Aydınxan Əbilov və digərləri çıxış edərək ixtisaslaşmış QHT-lərin yaradılması, web resurlarının davamlılığının qorunması və s. haqqında təkliflərini səsləndiriblər.

Konfransda 23 QHT layihələrin icrasında fərqləndiklərinə görə fəxri fərmanla təltif edilib. Onlar Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev, Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Tahir Xudiyev, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva, Xan Şuşinski Fondunun sədri Bəyimxanım Verdiyeva, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova, "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri Ceyhun Musaoğlu, "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri Venera Əsgərova, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili, "ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” (AJŞ) İctimai Birliyinin sədri Ayaz Mirzəyev, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, "Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər" İctimai Birliyinin sədri Əzizağa Qənizadə, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova, “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev, Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Azad Əliyev, “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin sədri Həsən Məmmədov, Milli Paraolimpiya Komitəsi İctimai Birliyinin sədri İlqar Rəhimov, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri Hacı Abdulla və “Milli Jurnalistika Konqresi” İctimai Birliyinin sədri Nəsiman Yaqubludur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR