Azərbaycanda əhalinin hər 1000 nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir

18:22 22 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 18:18 ]


Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, 2015-ci il yanvar ayının 1-nə olan məlumata əsasən ölkədə fəaliyyət göstərən 1639 dövlət və 41 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq və ya 1-5 yaşlı uşaqların 13,5 faizi tərbiyə alır.

 

2014/2015-ci tədris ilinin əvvəlinə olan məlumata görə, ölkənin 4456 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil alır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6000 uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərir. Son illər ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, 2013-cü ildə ümumi təhsil müəssisələrində bu göstərici 15,1 faiz olub, 2014-cü ildə isə 14,9 faizə düşüb.

 

2014/2015-ci tədris ilinin əvvəlinə olan məlumata əsasən şagirdlərinin sayı 50,4 min nəfərdən artıq olan 82 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərir. Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 612 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 81,3 min nəfər şagird təhsil alır. 2014-cü ildə əyani ümumi təhsil müəssisələrini bitirən 83,8 min nəfər məzundan 83,2 min nəfəri və ya 99,4 faizi tam orta təhsil haqqında attestat alıb. Dövlət Statistika Komitəsi tərəfindən 2014-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 93,1 faizi, o cümlədən şəhər yerlərində 99,5 faizi, kənd yerlərində isə 90,9 faizi kompyuterlərlə təmin olunub. Əvvəlki illə müqayisədə kompyuterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq, 58,0 minə çatıb.

 

Hazırda hər 22 şagirdə orta hesabla bir kompüter düşür, halbuki 8 il əvvəl 101 şagirdə bir kompüter düşürdü. Cari tədris ilinin əvvəlinə 84,8 faiz şəhər, 38,4 faiz kənd ümümi təhsil müəssisələrinin internetə çıxışı, 43,9 faiz şəhər, 7,0 faiz kənd ümümi təhsil müəssisələrinin isə elektron poçt ünvanı olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR