İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir
18:58 22 Yanvar 2015
830 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 və Böyük Vətən müharibəsində həlak olmasının 70 illiyinə həsr olunan silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yanvarın 22-də nazirliyin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanında qəhrəmanın anma mərasimi keçirilib.
Cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksi önündə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib.
Anma mərasimində qəhrəman haqqında bir neçə kitabın müəllifi, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani onun mənalı həyat və şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar verib. Bu ənənə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev isə çıxış edərək vurğulayıb ki, hər il 9 May - Qələbə Günü münasibətilə respublikada keçirilən tədbirlərdə məhz ölkə rəhbərinin iştirakı gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. O, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından Həzi Aslanovun ailə üzvlərinə salamlarını çatdıraraq Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqsədilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı və kinoda Həzi Aslanovun rolunun mahir ifaçısı, xalq artisti Ramiz Novruzov çıxış edərək qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar.
Sonra generalın nəvəsi, polis general-mayoru Həzi Aslanov ailə üzvləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
C.Naxçıvanski adına Hərbi Liseydə davam edən və “Həyatda qəhrəmanlığa həmişə yer var” devizi ilə keçirilən tədbirdə təhsil ocağının zabit, müəllim və kursant heyəti Həzi Aslanovun döyüş yolundan bəhs edən videoçarxa tamaşa edib, veteranların və qonaqların çıxışları dinlənilib.
Sonda Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında “Ürəklərdə yaşayan sərkərdə” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Yanvarın 24-də Silahlı Qüvvələrin tank heyəti generalın dünyaya göz açdığı Lənkəran şəhərində olacaq, abidəsini və ev-muzeyini ziyarət edəcək.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iki_defe_Sovet_Ittifaqi_Qehremani_Hezi_Aslanov_Azerbaycan_xalqinin_yetirdiyi_en_boyuk_serkerdelerdendir-826816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR