Fransız yazıçı bu dəfə Azərbaycan qadınlarından yazacaq

Fransız yazıçı bu dəfə Azərbaycan qadınlarından yazacaq
19:08 22 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanda qonaq olan fransalı yazıçı-publisist Jan Luis Gouard ilə görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, J.L.Gouard qeyd edib ki, 2013-cü ildə YUNESKO-nun qərarı ilə Azərbaycanın çövkən milli oyununun dünya mədəni irsinə daxil edilməsindən sonra atlar vasitəsilə oynanan bu oyun barədə Avropa vətəndaşlarının məlumatlandırılması üçün Qarabağ atları haqqında kitab yazıb. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Qarabağın atları” kitabının Kann şəhərində təqdimatı olub və müəllif J.L.Gouard 2014-cü ildə bu nəşrə görə “Ambassador of International Horse Show” mükafatına layiq görülüb. Növbəti kitabını Azərbaycan qadınları haqqında yazmağı planlaşdıran J.L.Gouard hazırda müvafiq tarixi materialları toplamaqla məşğul olduğunu bildirib.

Şura sədri rəhbərlik etdiyi qurumun Azərbaycan milli mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada təbliğinə xüsusi önəm verdiyini vurğulayıb. A.Quliyev bildirib ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr qrupuna rəhbərlik etməklə Fransa ilə mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi işinə böyük töhfələr verir. Heç təsadüfi deyil ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı böyük önəm daşıyan layihələr bu gün məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Parisdə, digər Avropa ölkələrinin paytaxtlarında təqdim olunaraq dünyaya tanıdılır.

A.Quliyev qonağın diqqətinə çatdırıb ki, Şura ötən iki il ərzində bu istiqamətdə Avropa ölkələrini təmsil edən onlarla QHT-nin layihəsinə dəstək verib və bu iş indi də davam etdirilir. Şura sədri 2014-cü ildə Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender məsələləri ilə bağlı xarici QHT-lərin hazırladığı hesabatın Fransa Senatında təqdimatını xatırladaraq ölkəmizin ictimai, siyasi və sosial həyatında qadınların mühüm rolundan danışıb. Şura sədri rəhbərlik etdiyi qurumun yazıçıya hazırda üzərində çalışdığı kitabın hazırlanması, nəşri və tərcüməsi ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR