Göyçay və Mingəçevirdə ictimai şuraların yaradılması ilə bağlı seminarlar keçirilib

19:13 22 Yanvar 2015
201 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay- Mingəçevir, 22 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yanvarın 22-də Göyçay rayonunda və Mingəçevir şəhərində ictimai şuraların yaradılması üzrə məlumatlandırma seminarları təşkil edilib.
AzərTAc xəbər verir ki, “Sosial Tərəqqi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən seminarlarda məqsədin qərarvermə prosesində mövcud ictimai iştirakçılıq imkanları haqqında məlumatlılığı artırmaqdan ibarət olduğu bildirilib.
Toplantılarda ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, “İctimai İştirakçılıq haqqında” Qanunun qəbulu və bu qanundan irəli gələrək yaradılacaq ictimai şuraların əhəmiyyəti, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması və dövlətin idarə olunmasında vətəndaş iştirakçılığının təmin olunması istiqamətində məlumatlar verilib.
Seminarlarda 2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələlərinə xüsusi diqqət ayrılıb. Bildirilib ki, Azərbaycan hökuməti bu qanunla vətəndaş cəmiyyəti institutlarına idarəetmədə vətəndaş iştirakçılığını təkmilləşdirmək üçün daha uğurlu və əlverişli imkan yaratmış olub.
Tədbirlərdə “Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması, idarəçilik və vətəndaş iştirakçılığının təmin olunması istiqamətində məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, ekspert Əliməmməd Nuriyev seminarlarda ictimai iştirakçılığı təmin edən hüquqi mexanizmlər üzrə ən yaxşı yerli və beynəlxalq təcrübənin təqdimatını və müzakirəsini keçirib.
"İctimai iştirakçılıq haqqında" Qanunun qəbulunun Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğu bildirilib. Azərbaycan hökumətinin bu addımı indiyədək ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib.
Xatırladaq ki, “Sosial Tərəqqi” İctimai Birliyinin təşkilatçılığı ilə artıq Yevlax, Goranboy, Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ucar, Ağdaş, Bərdə və Ağcabədi rayonlarında da bu cür seminarlar keçirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychay_ve_Mingechevirde_ictimai_suralarin_yaradilmasi_ile_bagli_seminarlar_kechirilib-826827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR