Orta Asiyada radikallaşma nədən yaranır?

Orta Asiyada radikallaşma nədən yaranır?
22:37 22 Yanvar 2015
212 Dünya
Ölkə mətbuatı
A- A+

Orta Asiyanın beş ölkəsi İslam Dövləti döyüşçülərindən və ümumiyyətlə, regionda artan radikalizmdən irəli gələn təhdidlərə qarşı etibarlı və qarşılıqlı əlaqəli fəaliyyət planı işləyib hazırlamalıdır”.
 
Beynəlxalq Böhran Qrupu bu qənaətdədir.
 
4 MİNƏDƏK ADAM İŞİD-Ə QOŞULUB
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, qurumun yanvarın 20-də yaydığı “Orta Asiyada radikallaşma” başlıqlı hesabatda deyilir ki, İslam Dövləti döyüşçülərinin nəzarətində olan ərazilərə onları bu və ya digər şəkildə dəstəkləmək üçün Orta Asiya ölkələrindən 2-4 min adam gedib. Onların arasında etnik özbəklər, o cümlədən Özbəkistan vətəndaşları çoxluq təşkil edir. Amma qırğız, türkmən və taciklər də ekstremist qrupun silahlıları arasında az deyil.
 
Böhran Qrupunun fikrincə, radikallaşmış orta asiyalıların bu qrupunun əhəmiyyətli bir hissəsi sabah vətənlərinə dönsə, onlar regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi risk təşkil edəcəklər.
 
RADİKALLAŞMANIN KÖKÜNDƏ NƏ DURUR
 
Hesabatda deyilir ki, korrupsiya və qüsurlu idarəçilik səbəbindən axsayan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan kimi dövlətlər radikal islam kimi mürəkkəb məsələni çözmək üçün çox az iş görüblər. Əksinə, onlar vətəndaş azadlıqlarını boğmaq və repressiyaya əl atmaqla radikallaşmanı daha da gücləndirirlər.
 
Adları çəkilən beş dövlətin hamısı pis idarəetmə, korrupsiya və cinayətlərdən əziyyət çəkir. Onların heç biri, xüsusən şəhərlərdən kənar ərazilərdə, vətəndaşlarını keyfiyyətli sosial xidmətlərlə təmin edə bilmirlər.
 
Hesabatda bildirilir ki, Özbəkistan və Türkmənistan daha çox avtoritar polis dövlətlərinə bənzəyirlər. Qazaxıstanın müəyyən var-dövləti olsa da, rayonları baxımsız vəziyyətdədir.
 
TÖVSİYƏLƏR
 
Beynəlxalq araşdırma qurumunun fikrincə, radikallaşma problemi Qırğızıstanın cənubunda özünü daha ciddi büruzə verir. 2010-cu ildə Oşda etnik zəmində baş vermiş qanlı iğtişaşlardan sonra bu rayondakı özbək icmasının təcrid olunması riski daha da artırıb.
 
Beynəlxalq Böhran Qrupu Orta Asiya dövlətlərinin hökumətlərini təhlükəsizlik sahəsində koordinasiyanı təkmilləşdirməyə çağırır. Qrup eyni zamanda dinə aid qanunvericiliyi liberallaşdırmağa, dini azadlığı genişləndirməyə və gənc əhali üçün daha geniş iqtisadi imkanlar yaratmağa səsləyir.
 
Qurum bu ölkələrin beynəlxalq tərəfdaşları olan ABŞ və Avropa Birliyini çağırır ki, Orta Asiya dövlətlərinə polis qüvvələrində islahatlar aparmağı və dinə daha dözümlü yanaşmağı tövsiyə etsinlər.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/49341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR