Azərbaycanlı aktrisa: "Bunu yalnız və yalnız qismətə bağlayıram..." - FOTOSESSİYA

Azərbaycanlı aktrisa: "Bunu yalnız və yalnız qismətə bağlayıram..." - FOTOSESSİYA
00:27 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aktrisa Cəmilə Allahverdiyevanın Milli.Az-a müsahibəsi.

- Cəmilə xanım, 18 ilə yaxındır ki, Dövlət Kukla Teatrında fəaliyyət göstərirsiniz. Bu, az zaman deyil. Ümumiyyətlə, universitetə qəbul olarkən məhz Kukla Teatrında çalışacağınızı düşünürdünüzmü?

- Sözün düzü, iş yerimin məhz Kukla Teatrı olacağı ağlıma gəlmirdi. İkinci kursdan etibarən mərhum Rəhman Əlizadənin istəyi və dəstəyi ilə buraya gəldim. O gündən bu günə qədər bu teatrda fəaliyyət göstərirəm. Amma arada üç il o vaxt “Gənclər Teatrı” adlanan teatrda da işləmişəm.

- Bildiyimə görə, siz əslində ixtisasca rejissorsunuz. Amma aktrisa kimi fəaliyyət göstərirsiniz...

- Bəli, rejissorluğu bitirmişəm. Lakin aktrisa olaraq öz duyğularımı, hisslərimi daha yaxşı büruzə verib, tamaşaçıya rahat çatdırdığımı zənn edirəm. Ona görə də aktrisa olmaq qərarına gəldim.

- Fikirlərinizi lazımınca çatdıra bilirsinizmi?

- Tamaşaçıların dediyinə görə, bu, məndə yaxşı alınır.

- Tamaşaçılar sizi nə dərəcədə tanıyırlar?

- Hamı məni tanıyır desəm, yalan olar. Ancaq müəyyən bir daimi tamaşaçı kütləsi var ki, simam onlara yaxşı tanışdır.

- Nəzərə alsaq ki, sizi seriallarda, hansısa bir televiziya proqramında görmürük, tanınmamağınız normal haldır. Siz də yaxşı bilirsiniz ki, məşhurluq üçün efir çox önəmlidir. Niyə indiyə qədər sizin adınıza heç bir serial, yaxud filmin titrində rast gəlinmir?

- Düzünü desəm, özüm buna can atmıram. Mənim üçün maraqlı deyil. Həm də rejissorların serial üçün bizim teatrdan aktrisa “axtarmaqları” bir az reallığa uyğun deyil (gülür).

- Siz, deyəsən, həmişə arxa planda qalmağı üstün tutursunuz...

- Elədir, heç vaxt məşhur olum, hamı məni tanısın kimi bir iddiam olmayıb.

- Amma işiniz də çətin işdir. Uşaqlar üçün tamaşa göstərmək, onların psixologiyasını tutmaq və s. hər adamın bacaracağı iş deyil. Belə çətin bir işin qarşılğında aldığınız əmək haqqı da çox azdır. Bacarığınızdan istifadə edib başqa işlərdən pul qazanırsınız?

- Bəlkə də inandırıcı gəlməyəcək, amma tam səmimi deyirəm ki, bəlkə də mən yeganə aktrisayam ki, bu vaxta qədər nə dublyaja, nə bir şənliyə, tədbirə, nə də başqa işlərə getmişəm. Bircə teatra gedib-gəlirəm, aldığım məvaciblə də dolanmağa çaılşıram. Nə yalan deyim, mən yüz yerə “bölünmək” istəmirəm, istəsəm də bacarmaram. Həmişə demişəm ki, mən teatr fədakarıyam, özümü bütünlüklə səhnəyə həsr etmişəm.

- Heç olmasa ailə qurmağa vaxt tapa bilmisiniz?

- (gülür)... Xeyr, ailə qurmamışam.

- Özünüz istəmirsiniz, yoxsa?..

- Bunu yalnız və yalnız qismətə bağlayıram.

- Sizin teatrın tamaşaçısı prinsip etibarilə uşaqlar olsa da, böyüklər də gəlirlər. Yəni ki, vaildeynlər çox vaxt öz uşaqlarını tək buraxmırlar. Maraqlıdır, oynadığınız tamaşalar zamanı uşaqlarla yanaşı, böyükləri də nəzərə alırsınızmı?

- Əlbəttə, biz balansı elə qoruyuruq ki, uşaqlarla yanaşı, böyüklər də nəsə görüb-götürsünlər. Həm də bizim teatrda uşaq tamaşaları ilə yanaşı, böyüklər üçün axşam tamaşaları da olub həmişə. Rəhmətlik Rəhman Əlizadə buna həmişə xüsusi diqqət yetirirdi. Deyirdi ki, tamaşanı publika yığmaq xatirinə oynamaq lazım deyil, elə oynamaq lazımdır ki, tamaşaçı özü teatra sarı gəlsin.

- İndi azdan-çoxdan tamaşaçı kütləsi yığa bilmisiniz. Bəs özünüz necə, uşaq vaxtı tamaşalara getmisiniz?

- Uşaq olanda valideynlərim məni tamaşaya aparmırdılar. Bəlkə də bu, onların sənətə maraqlarının olmamasından irəli gəlirdi. Yalnız bir dəfə məktəbdən bizi teatra aparıblar. O tamaşadakı səhnələrin hər biri, aktyorların mimikaları və s. indiyə qədər hafizəmdən silinməyib.

- Sizcə, indi sizin tamaşalara baxan azyaşlı uşaqların yadında nəsə qalır? Onlar sizi gələcəkdə xatırlayacaqlar?

- Ümumiyyətlə, Kukla Teatrı tamaşaçı üçün bir başlanğıcdır. Bizim də üzərimizdə ağır və məsuliyyətli bir iş var. Uşaqlara tamaşa vasitəsilə elə şeylər aşılamalıyıq ki, onların yaddaşına əbədi olaraq həkk olunsun. Gələcək həyatlarında bizim göstərdiyimiz yaxşı nüansları praktiki olaraq tətbiq edə bilsinlər. Əgər bunu tam şəkildə bacara bilsək, məncə, problem olmaz.

- Uşaq olarkən baxdığınız tamaşa adınız kimi yadınızdadır dediniz. Bəs öz oynadığınız tamaşalardan hansı illər keçsə də yadınızdan çıxmayacaq?

- Mərhum müəllimim Rəhman Əlizadənin quruluşunda səhnələşdirdiyimiz “Xeyir və Şər” tamaşası mənim karyeramın pik nöqtəsi oldu. Biz o tamaşa ilə Mərakeşdə keçirilən festivalda birinciliyə layiq görüldük. İnanmıram ki, bundan sonra elə bir tamaşa oynayım. Çünki Rəhman Əlizadə artıq həyatda yoxdur. Allah ona rəhmət eləsin!

- Onun yoxluğunu necə hiss elədiniz?

- Sanki bir boşluğa düşmüşdüm. Mənim üçün çox çətin idi. İndi də çətindir. Kollektivin mənə göstərdiyi qayğı, ehtiram və diqqət olmasaydı, bəlkə də teatrdan gedəcəkdim. Buna görə teatrımızın kollektivinə minnətdarlığımı bildirirəm.

Cavidan Abdullayev
Milli.Az



























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/320258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR