Mərkəzi Bank manatı nə vaxta kimi qoruya biləcək?

Mərkəzi Bank manatı nə vaxta kimi qoruya biləcək?
10:12 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ekspert: “Manatı ancaq neftin bahalaşması xilas edə bilər”
Neftin qiymətinin aşağı düşməsi ilə gəlirləri azalan Azərbaycanın qarşısında duran əsas iqtisadi problemlərdən biri də manatın məzənnəsini qorumaqdır. Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir ki, manatın məzənnəsinin sabitliyi cari ildə də mühüm prioritetlərdən biri olacaq.

Ancaq əsas məqam odur ki, Mərkəzi Bankın valyuta ehtiyatları manatı nə vaxta kimi qorumağa bəs edəcək? Dekabrın sonuna olan məlumata görə, Mərkəzi Bankın strateji valyuta ehtiyatları 13 milyard 758 milyon 300 min manatdır. Mərkəzi Bank milli valyutanın qorunması üçün 2014-cü ilin 11 ayı ərzində 1 milyard 270 milyon dollar xərcləyib. Mərkəzi Bankın açıqlaması da göstərir ki, manat dünya iqtisadiyyatında baş verən proseslərə həssasdır. Bankın açıqlamasında deyilir: “Dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu ölkələrdə milli valyutaların məzənnəsinin düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib”.

Qeyd edək ki, bir sıra milli valyutalar ABŞ dollarına qarşı ciddi devalvasiyaya uğrayıblar. Rus rublu 80, qazax təngəsi 19, türkmən manatı 22, Belarus rublu 17, Ukrayna qrivnası 90, türk lirəsi 8 faiz ucuzlaşıb.

İqtisadçı ekspert Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, manat kimi valyutalar bir qayda olaraq “xammal valyutası” hesab olunur: “Çünki dünya bazarında neftin qiymətinin bahalaşması onu bahalaşdırır, ucuzlaşması isə ucuzlaşdırır. Bu, Rusiyada da belədir, Qazaxıstanda da, İranda da, Səudiyyə Ərəbistanında da. Ötən il dünya valyutaları dollara münasibətdə ucuzlaşdı. Məntiqlə manat da ucuzlaşmalıdır. Ancaq bu baş vermir. 2009-cu ildə qlobal maliyyə böhranı olanda qonşu ölkələr devalvasiyaya gedəndə hökumət manatı qorudu. Riskli addım idi, amma özünü doğrultdu. Çünki neft tezliklə bahalaşdı.
İndi də oxşar proses baş verir. Mərkəzi Bank 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında manatın məzənnəsinin sabitliyini qoruyacağını açıqlayıb. Manatın devalvasiyası hökumət üçün keçilməsi qadağan olunan qırmızı xətlərdən biridir. Maksimum dərəcədə 2009-cu il təcrübəsini təkrarlamağa çalışacaqlar".

Ekspert bildirib ki, ancaq indi situasiya fərqlidir: “2010-2013-cü illərdə manatın möhkəmlənməsi problemi var idisə, 2014-cü ilin sonlarından başlayaraq neftin ucuzlaşması səbəbindən devalvasiya təhlükəsi ilə üzləşib. Bu il manat üçün çox çətin olacaq. Çünki valyutamıza müxtəlif istiqamətlərdə təzyiqlər var. Neftdən savayı, Rusiya amili də iqtisadiyyatımıza, o cümlədən manata təzyiq göstərir. Təkcə dekabr ayında Mərkəzi Bank manatı qorumaq üçün bazara 1,2 milyarddan çox dollar çıxartmaq məcburiyyətində qaldı. Bu isə onun ehtiyatının 1 ayda 8 faiz əriməsi ilə nəticələndi. Əlbəttə, böyük itkidir. Belə davam etsə, Mərkəzi Bankın ehtiyatı buna tab gətirməz. Yəqin ki, ilin birinci yarısı manatın indiki həddə qalması təmin ediləcək. Ən azı, buna ehtiyatlar imkan verəcək. Sonrakı proseslər dünya bazarında neftin qiymətindən asılı olacaq. Hökumət sonrakı mərhələdə manatı heç olmazsa noyabra - parlament seçkilərinə qədər saxlamağa cəhd göstərək. Alınsa, lap ilin sonuna qədər uzadacaq. Neft müəyyən həddə qədər bahalaşmasa, bütün bunları etmək çətin olacaq. Ona görə də ilin ortasında Mərkəzi Bankın manatın kursuna baxmasını istisna etmirəm. Manatı ancaq neftin bahalaşması xilas edə bilər”.

Ümumən götürdükdə əgər qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, onun əsas yolu ixracı stimullaşdırmaqdır. Manatı indiki səviyyədə saxlamaqla buna nail olmaq mümkün deyil. Təsadüfi deyil ki, ixracımızın 92 faizdən çoxunu neft sektoru təşkil edir. Ona görə də manatın hər il 3-4 faiz ucuzlaşdırılması məqsədəuyğun olardı. Ancaq iqtisadçı ekspert Samir Əliyev bildirib ki, indi çox həssas dövrdür: “Buna qətiyyən getmək olmaz. Manatı bununla da zərbə altına salmış olarıq. Təsəvvür edin, Mərkəzi Bank manatı 10 faiz devalvasiya etsə, bunun qabağında dayana bilməyəcək. Panik vəziyyət valyutamızı daha da ucuzlaşdıra bilər. Əhali tərəfindən kütləvi şəkildə əmanətlərin və digər yığım pullarının dollara keçirilməsi baş verər ki, bu da arzuolunmaz haldır. Bir az gözləmək lazımdır”.

"Yeni Müsavat"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR