Bütün varlıq aləminə göndərilmiş rəhmət

Bütün varlıq aləminə göndərilmiş rəhmət
13:37 23 Yanvar 2015
212 Sosial
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!
Əziz İslam Peyğəmbərinin (s) mövludunu geridə qoyduq. Bu mövlud - bütün inanclı insanların illik təqvimlərində ən önəmli tarixlərdən biridir. Eyni zamanda, Peyğəmbərimizin (s) dünyaya gəlişinin ildönümünün qeyd edilməsi - etiqadı olan insanları əziz Rəsulallahın (s) mübarək təlimi ilə daha da yaxından tanış etməyə şövqləndirir. Allahdan istəyimiz budur ki, o Həzrətin (s) buyurduqlarını öz gündəlik həyatımızda yaşada bilək.

Əxlaqla etiket arasında fərq var

Həzrət Peyğəmbər (s) özünün göndərilmə missiyasını belə çatdırır: “Həqiqətən mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm”. Əxlaqi kəramətlər barədə geniş şəkildə danışmaq olar. Amma ciddi əxlaq nəzəriyyəçiləri bildirirlər ki, əxlaqi davranışlar o əməllərdir ki, insan onları səadətə, fəlaha, müsbət aqibətə çatmaq üçün realizə edir. Əxlaqi davranış dedikdə ümumilikdə etiket və o cümlədən, bu gün toplumda qəbul olunan davranış etiketi nəzərdə tutulmur. İnsan ola bilər zahirən ədəbli, təvazökar görünsün, amma əslində bu cür olmasın. Ola da bilsin ki, zahirdə gözəl görünən, etiketə uyğun olan davranışlar da əslində qətiyyən əxlaqi olmasın. Etiket ilə əxlaqiyyətin ən ciddi fərqi budur ki, əxlaqiyyətin kökündə mütləq iradəvilik və Allaha xatirlik olmalıdır. Yəni burada meyar dəqiqdir: gözəl əməlin mənşəyində insanın seçimi və İlahi rizayət, Yaradanın razılığına nail olmaq niyyəti durursa, bu, əxlaqi əməldir və belə əməllər sırası insanı fəlaha - həqiqi səadətə çatdırır. Amma əgər insan öz vərdişləri, mühitin təsiri, müəyyən baxışlar ucbatından hansısa əməlləri edirsə, amma bunları şəxsi imic və bu kimi amillərdən motivlənərək edirsə, bu əməl İlahi dərgahda əxlaqi əməl kimi qeyd edilməyəcəkdir. Ola bilsin zahirdə gözəl görünən əməllər insana müəyyən populyarlıq gətirsin, onun müsbət imicinə xidmət etsin; amma bunlar ötəri nəsnələr ucbatından edildiyi üçün, onun aqibəti üçün həlledici rol oynamayacaqdır.

Zəif ibadətlə necə ali məqamlara yetişmək olar?

İnsanın təkamülünün ən ciddi mühərriklərindən biri elə əxlaqiyyatdır. Həzrət İmam Sadiq (ə) buyurur: “Günəş buzu əridən kimi, gözəl əxlaq da günahları əridər”. İnsanın gözəl əxlaqi davranışları belə bir təsirə malikdir. Həzrət İmam Sadiq (ə) əslində bizləri yaradılış aləmində İlahi qanunlardan biri ilə tanış edir. Əxlaq gözəlləşəndə, günahlar əriyib gedər. Gözəl əxlaq o qədər gücə, işığa, istiliyə malikdir ki, günahları əridib apara bilir. Həzrət Peyğəmbər (s) bu əxlaqi keyfiyyətləri kamilliyə çatdırmaq üçün Uca Allah tərəfindən məbus edilmişdir.

Həzrət Rəsulallah (s) buyurur: “Bəndə hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çata bilər”.

İnsanlar müxtəlif cürdür. Elə insanlar var ki, rahat şəkildə gününü ibadətlərdə keçirdə bilir, daha çox namaz qılır, oruc tutur, dualar edir. İnsan da var ki, qabiliyyətləri bu cür qabarıq şəkildə işə düşməyib, tutumu fərqlidir. Amma Həzrət (s) öyrədir ki, insan özünün gözəl əxlaqı ilə də ali məqamlara çata bilər. Allah Təala öz Rəsulunu (s) insanlığa məhz bu keyfiyyətləri inkişaf etdirmək üçün göndərib.

Rəsulallah (s) tək müsəlmanlar üçün deyil, bütün varlıq aləmi üçün rəhmətdir

Əziz Peyğəmbərimizlə (s) bağlı ən dəqiq təqdimatı Allah Təala Öz Kitabında edir. Rəbbimiz “Ənbiya” surəsinin 107-ci ayəsində buyurur: “(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”. Allaha Təala buyurur ki, əziz İslam Peyğəmbərini (s) aləmlərə rəhmət olmaq üçün göndərib. Əziz Peyğəmbərimizin (s) aləmlər üçün göndərilməsi, əslində Allahın rəhmətinin ən böyük təzahürüdür. Bəzi təfsiri çalarlara diqqət etsək görərik ki, əslində risalət, nəbilik, Allahın öz elçilərini (ə), xüsusilə də son Elçisini (s) göndərməsi, insanların mükəlləfiyyətini həyata keçirməsi üçün peyğəmbərlərin (ə) göndərilməsi - əslində Allahın böyük bir rəhmətidir.

Allah öz nəbiləri (ə) ilə rəhmətini insanlığa çatdırıb

Ayənin təfsiri çalarlarına diqqət edəndə həm də Allahın rəhmətinin nübuvvətin fəlsəfəsinin içərisinə daxil olduğunu görürük. İlahi mərhəmət, İlahi rəhmət, Allahın insana olan sevgisinin ən böyük təzahürü - nəbilərin (ə) göndərilməsi olub. Allah Təala bu yolla insanlara öz rəhmətini əta edib, Allahın rəhmətinin həyata keçməsi baş tutub.

Digər tərəfdən görürük ki, ayənin təfsiri çalarlarına əsasən İslam dini İlahi rəhmət üzərində qurulub. İslam təlimi başdan-başa İlahi rəhmət üzərindədir. Madam ki, sonuncu Peyğəmbərin (s) göndərilməsi Allahın rəhmətinin həyata keçməsidir, deməli, Rəsulallahın (s) bütün gətirdikləri də İlahi rəhmət üzərindədir.

Daha bir təfsiri çalar budur ki, Rəsulallah (s) bütün aləmlər üçün Rəbbin göndərilmiş rəhmətidir. Yalnız müəyyən möminlər üçün deyil, müsəlmanlar üçün deyil - bütün bəşəriyyət, ümumilikdə bütün varlıq aləmi üçün Peyğəmbərimiz (s) bir rəhmətdir. Əslində Rəsulallah (s) Allahın böyük bir nemətidir. Həmd olsun Allaha ki, ən azı bu nemət haqqında düşünmək fürsətini bizlərə bəxş edib. Allahdan istəyimiz budur ki, bu nemətin həqiqi şükrünü də yerinə yetirmiş olaq.

Allahın rəhmətinin sayəsində insanlar birgə yaşayırlar

Allahın rəhməti fövqəladə məsələdir. Əgər Allahın rəhməti olmasa, bizlər bir an mövcud ola bilmərik. Allahın rəhmətidir ki, bizi hərəkətə gətirir, bizim insani halımızı mövcud edir. Əziz Peyğəmbərimiz (s) buyurur: “Allah Təala göyləri və yeri yaratdığı gün hər biri yerlə göy arasındakı məsafə qədər olan yüz rəhmət yaratdı. Sonra rəhmətlərdən birini yer üzünə endirdi və həmin rəhmətin səbəbinə yaradılmışlar bir-birinə rəhm edir, ana öz balasına məhəbbət bəsləyir, quşlar və heyvanlar su içir, insanlar bir yerdə yaşayırlar”. Varlıq aləminin, bəşəriyyətin, insanların birgə yaşaması, birgə olması, insanların bir-birinə münasibətində olan rəhmlilik - bütün bunlar əslində İlahi rəhmətin təzahürləridir.

Həzrət Rəsulallah (s) digər bir yerdə buyurur: “Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, mütləq ona arxalanardınız”. İnsanın həyatı iki cür ola bilər. Bir cür həyat budur ki, insan həyatını yaşayır və Allaha arxalanır. Bir də var ki, insan Rəbbinə arxalanmadan yaşayır. Allaha arxalanmaq iradəvi bir işdir. Bu arxalanmaq mərifət, tanıma, bilmə, dərk, başa düşmə, eşq, şövq, əməli iradə istəyir. Yalnız nəzəri olaraq bilmək bəs etmir. Bir çox amillər birləşməlidir ki, insan həyatında Allaha arxalansın. Belə deyə bilərik ki, Peyğəmbər (s) və onun pak Əhli-beyti (ə) - Allaha arxalanmağın ən ali nümunələridir. Onlar hər zaman Allaha arxalanıblar, hər zaman Allah onlara kifayət edib, hər zaman Rəbblərindən arxayınçılıqları olub.

Mövzunu daha yaxşı dərk etmək üçün məşhur bir misal var: “Bir nəfər sıldırım qayadan yıxılır. Yıxılarkən deyir: ”Ay Allah, bu dəfə də məni xilas et, nə desən, edəcəyəm". Bu zaman sıldırım qayalardan birinə ilişib qalır. Səmimi istəyir və düşmə mərhələsində bir yerdə ilişib qalır. Bu vaxt ona ilham gəlir ki, “Yapışdığın yerdən əlini burax”. Deyir: “İlahi, mən dedim, nə desən, edəcəm, daha belə də yox, əlimi buraxsam, axı aşağı gedəcəyəm”. Üstündən bir neçə sonra orada donub ölür". Əgər həmin vaxt əlini buraxsaydı, onu orada saxlatdıran Allah, digər mərhələdə də saxlayacaqdı. Ona köklü mərifət, köklü ruhiyyə, köklü eşq, şövq bəs etmir ki, sonadək Rəbbinə arxalansın. Əgər arxalansaydı, xilas olacaqdı. Arxalanmadığına görə donur. Ona görə də, əgər insanlar Allahın rəhmətinin ölçüsünü bilsələr, mütləq şəkildə Ona arxalanarlar. Bütün həyatda olan streslərin, depressiyaların, bir çox hallarda insanın psixoloji problemlərinin arxasında Allaha arxalanmaması, Rəbbinə təvəkkül etməməsi, Allahın ona kifayət etməsinə lazımı qədər əmin olmaması dayanır. Amma Peyğəmbərimiz (s) buyurur: “Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, mütləq Ona arxalanardınız”.

Həzrət İmam Səccad (ə) buyurur: “Nicat tapan o qədər də təəccüb doğurmur. Əksinə, məhv olan kimsə təəccüb doğurur ki, Allahın bu qədər geniş rəhməti olduğu halda məhv olmuşdur”. Yəni, bir insanın qurtulması, səadətə çatması, nicat tapması təəccüblü deyil. Təəccüblü o hal olar ki, Allahın bu qədər rəhməti ola-ola insan qurtulmasın. Allah Təala insanın qurtuluşu üçün o qədər bəhanələr qoyub ki, insan azacıq səy göstərsə, bir qədər iradə etsə, qurtulması bir o qədər də çətin olmaz.

Allahın rəhmətini necə qazanaq?

Mübarək dinimiz Rəbbimizin rəhmətini necə qazanmağın yollarını da öyrədir. Allahın Peyğəmbəri (s) buyurur: “Allahın əmirlərinə itaət etməklə, özünüzü Onun rəhmətinə qovuşdurun”. Necə edək ki, Allahın rəhmətini əldə edək? Necə edək ki, İlahi rəhmətdən bəhrə aparaq? Bunlar Allaha itaət etməkdən keçir. Allahın buyurduqlarını yerinə yetirək, Onun çəkindirdiklərindən çəkinək. Əgər bunları etsək, İlahi rəhmətdən bəhrələnmiş olarıq. Allahın rəhmətinə qovuşmaq - Onun buyurduqlarına əməl etməkdən keçir.

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Allahın rəhməti Onu yad etməklə nazil olar”. Həzrət Əli (ə) varlıq aləminin qanunlarını bizlərə çatdırır. Allahı yad edəcək, xatırlayacağıqsa, İlahi rəhmət bizlərə nazil olacaq. Əgər İlahi rəhmətin bizə nazil olmasını istəyiriksə, Allahı yad etməliyik. Bu da elə öncəki buyuruğa qayıdır. Əgər Rəbbimizi yad etsək, Onun buyurduqlarını həyata keçirtmiş olarıq və bununla da İlahi rəhmət bizə nazil olar.

Həzrət Əmirəlmöminin (ə) İlahi rəhməti qazanmaq üçün daha bir praktiki tövsiyə verir. Həzrət Əli (ə) buyurur: “Mehribanlıq göstərməklə Allahın rəhməti nazil olar”. İnsanlar bir-biriləri ilə Allaha görə mehriban davranacaqlarsa, bu zaman onlara İlahi rəhmət nazil olacaq. Müasir bəşər toplumuna bu gün çatmayan ən ciddi məsələ - mehribanlıqdır. Quruluq, qabalıq, kobudluq müasir dünyada ən geniş şəkildə yayılıb. Əgər insanlar bu buyuruğa diqqət etsələr, insanlar arasında mehribanlıq hakim olsa, Allahın rəhməti də o insanların üzərinə nazil olar.

Çox təəssüflər olsun ki, belə bir mübarək Peyğəmbərin (s), varlıq aləminə rəhmət olaraq göndərilmiş Peyğəmbərin (s) bu gün dünyada lazımi qədər təqdimatı olmur. Nəticədə nələr baş verdiyini görürük. Ən ağır, acı imtahanlı dünyada yaşayırıq. Bu gün iki təhlükə ilə üz-üzəyik. Biri budur ki, dırnaqarası dəyərlər, guya dəyərlər adına olan həqarət, əxlaqsızlıq, tərbiyəsizlik nümunələri ilə insanların müqəddəs bildiyi mövzulara təcavüz edilir. İnsanların müqəddəsatına həqarət etməklə özünü ifadə edənlər meydana çıxır. Bu, mənəvi terrorun elə özüdür. Biz fiziki terroru hər zaman pisləmişik, amma mənəvi terror heç də ondan daha yüngül cinayət deyil.

Qəribədir, 1 milyon insan 12 nəfərin fiziki terrorunu pisləməyə çıxıb, ilk sıralarında da dövlət terroru ilə məşğul olan cinayətkar dayanıb. Bu, necə olur? Bir milyon insan fiziki terroru pisləyəmə çıxır, əllərində isə mənəvi terroru həyata keçirən plakatlar olur?! Kimi sadəlövh bilirlər? Bu zaman onlar özləri terroru himayə etmiş olurlar. Biz fiziki terroru pisləyirik. Amma bu gün fiziki terrora qarşı çıxıb, mənəvi terror törətməyin adı yoxdur.

Bu, birinci təhlükədir. Amma müsəlman ümmətinin heç bir narahatçılığı yoxdur. “11 sentyabr” hadisələrindən sonra İslam daha da böyük rövnəq tapdı. Burada da nələr olacaqsa, nəticə olaraq İslam inkişaf edəcək. Özlərini pis hala salırlar, öz dünya və aqibətlərini məhv edirlər.

İkinci təhlükə - daha ciddi təhlükədir. Rəhmət Peyğəmbərinin (s) adına bayraq götürürlər, dediyi şüarları zahirdə rəhbər tuturlar, amma əslində İslama zidd ən alçaq cinayətlər törədirlər. Bu ünsürlər Peyğəmbərimizin (s) dininin tam əksinə işlər görürlər. Təkfirçi-vəhabilik bu anlamda ikinci ən ciddi təhlükədir. Allah Təala ümmətə ayıqlıq nəsib etsin ki, müsəlmanlar bu təhlükəni görə bilsinlər.

Allahım, bizlərə Öz rəhmətini əta et!

Allahım, bizləri Sənin rəhmətini qazandıran işlərə tərəf yönəlt!

Allahım, bizləri Sənin rəhmətindən uzaqlaşdıran bütün işlərdən çəkindir! Amin!

Hacı İlqar İbrahimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR