Səfir: “Fransa Azərbaycanın strateji tərəfdaşı olmaq niyyətindədir”

Səfir: “Fransa Azərbaycanın strateji tərəfdaşı olmaq niyyətindədir”
13:39 23 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+

“Fransa bir çox sahələrdə Azərbaycanın strateji tərəfdaşı olmaq niyyətindədir”. Bu sözləriAPA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

 

O, 2014-cü ili Fransa-Azərbaycan münasibətlərində intensivlik ili kimi qiymətləndirib: “İl ərzində Fransa və Azərbaycan prezidentləri 3 dəfə görüşüblər. May ayında Fransa prezidenti Fransua Olland Azərbaycana uğurlu səfər etdi. Daha sonra oktyabrın 27-də Parisdə Qarabağ sammiti keçirildi və Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan bir araya gəldilər”.

 

Səfirin sözlərinə görə, Fransa ilə Azərbaycan münasibətləri 3 əsas sütuna söykənir: “Birincisi, siyasi dialoqun gücləndirilməsidir. Azərbaycanla Fransanın baxışları müxtəlif beynəlxalq təşkilatlarda eynidir. İkinci məsələ isə iqtisadi münasibətlərdir ki, bu da bir sıra münasibətlərin əsas mahiyyətini təşkil edir. İlk növbədə enerji sahəsində əməkdaşlığı dərinləşdirmək fikrindəyik. Fransanın “GDF Suez” şirkəti Azərbaycandan ilk qaz alan şirkət olacaq. Fransa həm də mühəndislər ölkəsidir, tək parfüm, dəb, şokolad ölkəsi deyil. Biz Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Buraya şəhər, dəmiryol,hava nəqliyyatı daxildir”.

 

Fransalı diplomat münasibətlərinin digər bir qolunun isə mədəni və humanitar əlaqələr olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkə prezidentləri təhsil və universitetlərarası əməkdaşlığın önəmini qeyd ediblər: “Hazırda Azərbaycan-Fransa birgə universiteti konsepsiyası üzərində çalışırıq. Hər iki tərəf çalışır elə sahələri müəyyən etsin ki, hər iki tərəf üçün əlverişli olsun. Məsələn, turizm, mühəndislik, kənd təsərrüfatı kimi sahələr bura daxildir. Orda təhsil alan tələbələr üçün ikili diplomlar verilə bilər və ya Fransa universitetlərinin diplomlarını tələbələr Azərbaycanda ala biləcəklər. Bunun üçün fransız dilinin Azərbaycanda tədrisi çox vacibdir. Fransada ingilis dilli təhsil mövcuddur, amma Azərbaycan tələbələrinin fransız dilini də öyrənməsi çox yaxşı olar və bu, cəmiyyətlərin bir-birinə inteqrasiyasına təkan verər. Azərbaycanda Fransız liseyi fəaliyyət göstərir, orada 100-dən yuxarı şagird təhsil alır. Bundan başqa, Azərbaycan Fransız İnstitutu var ki, orada fransız dili kursları təşkil olunur. Çalışacağıq ki, universitetlərarası əməkdaşlığı gücləndirək. 2013 və 2014-cü illərdə ADA Universitetində Fransa-Azərbaycan universitetlərarası Forumu keçirilib. Fransa universitetlərini birləşdirən “Campus Frans” adlı qurum mövcuddur. Bu təşkilat fevralın 27-də Parisdə  Azərbaycan universitetləri üçün tədbir təşkil edəcək”.

 

P.Monyenin sözlərinə görə, mədəni münasibətlərin inkişafı baxımından mədəniyyət adamlarının qarşılıqlı şəkildə hər iki ölkəyə rahat səfər edə bilməsi üçün sənəd imzalanıb: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada bir sıra mədəniyyət tədbirləri həyata keçirir. Bu tədbirlər Azərbaycanın tanıdılması üçün böyük əhəmiyyətə malikdir. Mən çox sevinirəm ki, Azərbaycanda fransız markalarının sayı artır. Burada küçələr modernləşdirilir, Parisdəki küçələrə bənzəyir”.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR