Sərdar Cəlaloğlu: “Bir qrup partiyanın Müsavatı kənarda saxlamaqla blok yaratmaq cəhdi düzgün deyil”

15:22 23 Yanvar 2015
171 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 15:16 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi Müsavat Partiyasının təşəbbüsü ilə yaradılıb, biz də bu mərkəzin üzvüyük. İndi təşəbbüskarı bir kənara qoymaqla, bu mərkəzdəki bir qrup partiya parlament seçkiləri ilə bağlı mərkəzin içərisində seçki bloku yaratmağa cəhd edir. Biz hesab edirik ki, bir qrup partiyanın Müsavat Partiyasının kənara qoymaqla siyasi blok yaratmağa cəhd etməsi siyasi etika baxımından düzgün deyil”.

 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

 

S. Cəlaloğlu bildirib ki, Müsavat Partiyasının təşəbbüsü ilə yaradıldığı üçün ən azı Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzini buraxdıqdan sonra Müsavat Partiyası olmadan seçki blokunun yaradılması anlaşılan olardı: “Yoxsa, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin əsasında bir seçki bloku yaradılırsa, mərkəzin yaradılmasının təşəbbüskarının da fikrini bilmək lazımdır. Elə bil ki, mən bir qurum yaratmışam, sən gəlib o qurumun içərisinə girərək, bildiyini edirsən. Biz Müsavat Partiyasının bu məsələ ilə bağlı mövqeyinin nəzərə alınmasını vacib sayırıq. İkincisi, biz hesab edirik ki, yaradılan bloklar real güclərin daha geniş çərçivəsini əhatə etməlidir. Məsələn, bu gün biz bir blok yaradaq, birini Milli Şura yaratsın, biri də Müsavat Partiyası yaratsın, bu, əslində bloklaşmanın əhəmiyyətsizliyinə gətirib çıxaracaq. Mümkün qədər real qüvvələrin bir araya gəlməsi vacibdir”.

 

S. Cəlaloğlu qeyd edib ki, SPDİHM-in üzvü olan ADP və Ümid Partiyası Müsavat Partiyası ilə danışıqlar aparıb: “Müsavat Partiyası ümumiyyətlə, seçki bloku yaradılması ideyasına müsbət yanaşır, bizimlə bir blokda olmağı istəyir. Lakin bunun üçün müəyyən vaxt istəyir. Biz də zəruri hesab etdiyimiz üçün bu vaxtın verilməsinin tərəfdarıyıq”.

 

S. Cəlaloğlu onu da əlavə edib ki, nə AXCP ADP ilə eyni seçki blokunda olmağı istəyər, nə də ADP AXCP ilə eyni seçki blokunda olmağı arzu edər: “Çünki bizim ölkədə gedən proseslərə baxışımızla AXCP-nin baxışı daban-dabana ziddir. Biz hesab edirik ki, indiki beynəlxalq konyuktura şəraitində AXCP-nin izlədiyi kimi bir siyasət izləmək yanlışlıqdır. Amma Müsavat Partiyası AXCP ilə eyni seçki blokunda olmağın mümkünlüyünü aydınlaşdırmaq istəyirsə, ən azı siyasi etika baxımından Müsavat Partiyasına bununla bağlı vaxt vermək lazımdır. Güman etmirəm ki, AXCP Milli Şuranın və İctimai Palatanın acınacaqlı taleyindən sonra Müsavat Partiyası ilə hər hansı müstəvidə əməkdaşlıq etsin”.

 

Qeyd edək ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki (SPDİHM) 11 partiyadan 6-nın - KXCP, Xalq Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azad Demokratlar Partiyası və Liberal Demokrat Partiyasının seçki bloku yaratmaq qərarına gəldiyini və blokun yaxın vaxtlarda rəsmən elan olunacağını açıqlayıb. 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR