Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilib
18:33 14 İyul 2015
247 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 14 iyul, AZƏRTAC
1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib. Bu dövrdən etibarən ölkəmizdə iqtisadi və sosial həyatın bütün sahələrində kompleks tədbirlər görülüb, Azərbaycanın gələcək müstəqilliyinin əsası qoyulub. Bu yüksəliş və tərəqqi səhiyyə sisteminin də inkişafına səbəb olub. Ulu Öndərin rəhbərliyi ilə həmin dövrdə ölkəmizin bütün şəhər, rayon və kəndlərində yeni xəstəxanalar istifadəyə verilib, əhalinin sağlamlığının qorunmasına xidmət edən ardıcıl tədbirlər görülüb. Dahi şəxsiyyətin müəllifi olduğu səhiyyə islahatları bu gün də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir, müasir avadanlıqlarla təmin olunmuş tibb müəssisələri tikilərək əhalinin istifadəsinə verilir.
İyulun 14-də, ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümündə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması xidmətin səviyyəsini xeyli yaxşılaşdırıb. İxtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması isə vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Təkcə 2014-cü ildə və 2015-ci ilin 6 ayı ərzində muxtar respublikada ümumilikdə 18 səhiyyə müəssisəsi tikilib, 3 müəssisə yenidən qurulub. Yoluxucu Xəstəliklər Mərkəzi üçün yeni tikilmiş bina da həyata keçirilən səhiyyə quruculuğu tədbirlərinin davamıdır. Niyazi Novruzov səhiyyə sisteminin müasirləşdirilməsi və əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublikanın səhiyyə işçiləri adından minnətdarlıq edib.
Həkim-reanimatoloq Xeyrənsə Babayeva deyib ki, Yoluxucu Xəstəliklər Mərkəzi əvvəllər lazımi tibbi avadanlıqlarla təchiz olunmayan köhnə binada, eləcə də şəhərin mərkəzində yerləşirdi. Bu da əhaliyə göstərilən tibbi xidmətin və aparılan profilaktik tədbirlərin səviyyəsini aşağı salırdı. Mərkəzin yeni binası ekoloji cəhətdən sağlam ərazidə tikilib və lazımi tibbi avadanlıqlarla təchiz edilib. Burada yaradılan şərait kollektivin səmərəli fəaliyyət göstərməsinə, səhiyyə xidmətinin nümunəvi təşkilinə, insanların sağlamlığının etibarlı şəkildə qorunmasına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada vacib sahələrdən biri olan Yoluxucu Xəstəliklər Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın tərkibində əhalinin sağlamlığının qorunması mühüm yer tutur. Ölkəmizin hər bir bölgəsində diaqnostika müalicə mərkəzləri, xəstəxanalar tikilərək istifadəyə verilmiş, tibb müəssisələri müasir səhiyyə avadanlıqları ilə təmin edilmiş, həkimlərin peşə hazırlığı diqqət mərkəzində saxlanılmışdır. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da səhiyyənin inkişafına xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada səhiyyə sistemi əsaslı şəkildə yenidən qurulmuşdur. Ötən dövrdə şəhər, rayon və kəndlərdə 200-dən artıq səhiyyə müəssisəsinin tikilib istifadəyə verilməsi, onların lazımi tibbi avadanlıqlarla və ixtisaslı kadrlarla təmin olunması muxtar respublika səhiyyəsinin tamamilə müasirləşdirilməsinə səbəb olmuşdur.
Ali Məclisin Sədri deyib: Səhiyyə sistemində quruculuq tədbirlərinin həyata keçirilməsi, müasir iş şəraitinin yaradılması işin bir tərəfidir. İşin əsas tərəfi isə yaradılmış tibb müəssisələrinin təyinatı üzrə fəaliyyətini təmin etməkdən ibarətdir. Səhiyyə müəssisələrinin kollektivləri insanların xəstələnib onlara müraciət etməsini gözləməməlidirlər. Onlar xəstəliklərin vaxtında qarşısının alınması üçün tədbirlər görməli, əhali arasında olmalı, maarifləndirmə işinə üstünlük verməlidirlər. Bu gün istifadəyə verilən Yoluxucu Xəstəliklər Mərkəzinin də əsas təyinatı əhalini bu xəstləliklərə yoluxduqdan sonra müalicə etmək deyil, onların bu xəstəliklərə yoluxmamaları üçün vaxtında maarifləndirmə və profilaktiki tədbirlərin aparılmasından ibarət olmalıdır. Muxtar respublikada bu işlərin görülməsi üçün geniş imkanlar vardır. Həkimlər televiziya və qəzet vasitəsilə çıxışlar etməli, müvafiq təşkilatlarda maarifləndirici söhbətlər aparmalıdırlar. Mərkəzdə fəaliyyət göstərən yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və dəri-zöhrəvi xəstəlikləri şöbələri üzrə hər hansı bir xəstəlik aşkarlandığı zaman həmin xəstələr dərhal qeydiyyata alınaraq müalicəyə cəlb olunmalı, aid nazirliklər xəstəliyin aşkarlandığı ərazini və həmin xəstəni ciddi nəzarətdə saxlamalıdırlar.
Ali Məclisin Sədri deyib: Sosial-iqtisadi inkişafın əhatə dairəsinin genişləndirilməsi, səhiyyədə yenidənqurmanın ardıcıl xarakter alması ona görə mümkün olur ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin yolu uğurla davam etdirilir. Ölkəmizdə iqtisadi inkişaf və sabitlik vardır. Ən əsası isə Azərbaycan 1969-cu il 14 iyul tarixindən ulu öndərimizin siyasi yolu ilə gedərək bugünkü inkişafa qovuşub. 14 iyul hər bir Azərbaycan vətəndaşının həyatında unudulmaz tarixi gündür. Ona görə ki, bu tarix Azərbaycanın yenidən dünyaya gəlməsi, özünəqayıdış tarixidir. Azərbaycanın inkişafının və gələcək uğurlu yolunun əsasının qoyulduğu gündür. Belə bir əlamətdar gündə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasının istifadəyə verilməsi də ulu öndərin yoluna sədaqətin və bu yolun uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur.
Ali Məclisin Sədri kollektivi və muxtar respublika əhalisini ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə təbrik edib, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, mərkəzin yeni binası 4 mərtəbədən ibarətdir. Binada müasir iş və sinif otaqları, laboratoriyalar, palatalar və ayrı-ayrı kabinələr olmaqla 154 otaq vardır. Mərkəzdə yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və dəri-zöhrəvi xəstəlikləri şöbələri fəaliyyət göstərəcəkdir. Binanın əlavə girişlərinin olması xəstələrin şöbələr üzrə qəbuluna imkan verəcəkdir.
Binada tibbin ən son yenilikləri tətbiq olunub, müasir avadanlıqlar quraşdırılıb. Mərkəz mobil rentgen qurğusu, avtoklav, quru hava sterilizatorları, bakteriosid lampalar, deionizə su qurğusu ilə təchiz edilib. Reanimasiya üçün süni tənəffüs, EKQ aparatları, funksional çarpayılar, defibrillyator, pulsoksimetr, oksigen konsentratoru, fizioterapiya üçün isə fototerapiya, D′Arsonval, ultrasəs və ultrayüksək tezlikli elektroterapiya cihazları və digər avadanlıqlar qoyulub.
Mərkəzdə fəaliyyət göstərən laboratoriyalar da müasir tibbi tələblər nəzərə alınmaqla qurulub. Burada hemotoloji, immunoferment, biokimya, PZR analizatorları, spektrofotometr, qlükometr, luminisent və binokulyar mikroskoplar, sentrifuqa, termostat, su distillə sistemi və digər avadanlıqlar vardır. Bu da analizlərin dəqiq aparılmasına, müayinə və müalicə üçün düzgün diaqnoz qoyulmasına imkan verəcəkdir.
Ali və orta ixtisas məktəblərinin tibb ixtisası tələbələrinin dərs keçməsi üçün nəzərdə tutulan sinif otaqları proyektorlarla təmin edilib. Həmçinin binada xəstələrin və tibbi heyətin rahatlığı da nəzərə alınıb, elektron çağırış sistemi yaradılıb.
Bina mərkəzi qaz və kompüter şəbəkəsi, istilik və su sistemləri ilə təchiz olunub, lift quraşdırılıb.
Bina ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri deyib ki, 1926-cı ildə əsası qoyulan Yoluxucu Xəstəliklər Mərkəzi uzun müddət uyğunlaşdırılmış binalarda fəaliyyət göstərmişdir. Lakin bu gün Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasında kollektiv üçün lazımi iş şəraiti yaradılmışdır. Eyni zamanda binanın yerləşdiyi ərazi və malik olduğu tibbi avadanlıqlar xəstələrin müalicəsinin hərtərəfli təşkilinə imkan verəcəkdir. Bu sahədə çalışan həkim və tibb işçiləri də səhiyyə maarifi işini və profilaktika tədbirlərini gücləndirməlidirlər.
Ali Məclisin Sədri deyib: Mərkəzdə yaradılan şərait, istifadəyə verilən sinif otaqları bu sahə üzrə tibbi kadrların hazırlanmasına da şərait yaradıb. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində və Naxçıvan Tibb Kollecində təhsil alan tələbələr mərkəzdə dərslər və təcrübi məşğələlər keçməli, ixtisaslı kadrlar kimi hazırlanmalıdırlar.
Mərkəzin həkimi Sevil İbrahimova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.
Müasir görkəmi ilə seçilən binanın həyətində də geniş abadlıq işləri görülüb. Burada çirkab suların təmizlənməsi və tibbi tullantıların yandırılması üçün xüsusi qurğular qurulub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Muxtar_Respublikasi_Yoluxucu_Xestelikler_Merkezinin_yeni_binasi_istifadeye_verilib-871268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR