Ramil Usubov: “Bakı polisinin idarəçilik fəaliyyətində nöqsanlara yol verilib”

17:22 23 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 17:19 ]

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni açan nazir qeyd edib ki, ötən il qanunla müəyyən edilmiş vəzifələr, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilsə də, paytaxt polisinin xüsusən idarəçilik fəaliyyətində nöqsanlara yol verilib.

 

Müşavirədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat məruzəsi ilə çıxış edib. Çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin, yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

 

Müşavirəyə yekun vuran nazir 2014-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

 

O, ötən ilin sonlarında Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanıldığını, nəticələrinin naziryanı əməliyyat müşavirəsində müzakirə olunaraq qarşıda duran vəzifələrin müəyyən edildiyini, aşkarlanmış nöqsanların planlı surətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

 

R. Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.

 

Xüsusi qeyd olunub ki, bu gün öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hər cür şərait yaradılıb, əməkdaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu ali etimada cavab olaraq şəxsi heyətin hər bir üzvü üzərinə düşən vəzifəni nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR