Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib

Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib
18:48 23 Yanvar 2015
477 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 23 yanvar, AzərTAc
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların mərkəzində insan amili dayanır. Əhalinin rahat yaşayışının təmin olunması, xüsusilə insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Gündən-günə öz görkəmini dəyişən paytaxt Naxçıvan şəhərində də bu məsələ diqqət mərkəzində saxlanılır. Bu gün şəhərdə yeni inzibati binalar və sosial obyektlərlə yanaşı, həm də müasir yaşayış binaları tikilərək istifadəyə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yanvarın 23-də Naxçıvan şəhərinin Kazım Talıblı küçəsində 20 nömrəli yaşayış binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı bütün sahələrdə əhalinin rahatlığının təmin olunmasına şərait yaradıb. Naxçıvan şəhərində həyata keçirilən tikinti-quruculuq işlərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Hər il şəhərdə yeni yaşayış binaları inşa olunur, mövcud binalar yenidən qurularaq istifadəyə verilir. Həyata keçirilən tədbirlər ailələrin kommunal-məişət şəraitini daha da yaxşılaşdırır, sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır.
Yeni mənzillə təmin olunan Mina Qasımova bina sakinləri adından minnətdarlıq edərək deyib ki, insanların məişət qayğıları həll olunduğu zaman rahat yaşayışları da təmin edilir. Bu gün Naxçıvan şəhərində sakinlərin rahat yaşaması üçün hər cür şərait vardır. Yeni yaşayış binalarının tikilməsi və sakinlərin mənzillərlə təmin olunması da bu istiqamətdə görülən tədbirlərin tərkib hissəsidir.
Mina Qasımova deyib ki, bütün bunları dövlət qayğısı kimi dəyərləndirən sakinlər bundan sonra da muxtar respublikanın inkişafında, onun paytaxtı Naxçıvan şəhərinin abadlaşmasında yaxından iştirak edəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində 12 ailənin yeni mənzillə təmin olunduğunu bildirib və bu əlamətdar hadisə münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Naxçıvan şəhərinin abad guşələrindən birində yeni yaşayış binası istifadəyə verilir. Yaşayış binasında mənzillə təmin olunan ailələrin əvvəlki mənzillərinin yerləşdiyi ərazi yaşayış üçün uyğun deyildi. Ona görə də yeni bina tikilib və həmin ərazidə yaşayan insanlar lazımi şəraiti olan mənzillərə köçürülmüşlər. Sakinlərin daimi mülkiyyətinə verilən bu mənzillərdə hər cür kommunal şərait yaradılmış, insanların rahat yaşayışı təmin olunmuşdur.
Ali Məclisin Sədri deyib: Rahat yaşayış şəraiti olan mənzil sağlam həyat deməkdir. Ona görə də insanların yaşayış yeri dəyişdirilərkən onların rahatlığı nəzərə alınır, yeni mənzillərində müasir kommunal şərait yaradılır. İstifadəyə verilən bu binada da sakinlərin sağlam yaşayışları təmin ediləcəkdir. Həyata keçirilən bu tədbirlər ölkəmizdə insan amilinə verilən yüksək qiymətin daha bir ifadəsidir.
Ali Məclisin Sədri sakinlərin tikilənlərdən, qurulanlardan səmərəli istifadə edəcəklərinə, ərazini şəhərin abad bir guşəsi kimi qoruyub saxlayacaqlarına əminliyini bildirib, onlara yeni mənzillərində xoş həyat arzulayıb.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib, açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binadakı 12 mənzilin 9-u ikiotaqlı, 3-ü isə üçotaqlıdır. Yaşayış binası zəruri kommunikasiya sistemləri ilə təchiz olunub, yeni su və kanalizasiya xəttinə qoşulub, mənzillərin hər birində fərdi istilik sistemi quraşdırılıb, fiber-optik xətt çəkilib. Ümumi yaşayış sahəsi 660 kvadratmetr olan mənzillər Naxçıvan şəhərinin Kalbalıxan və Cəlil Məmmədquluzadə küçələrində fərdi evləri plana düşən ailələrə təqdim olunub.
Ali Məclisin Sədri yaşayış binasının zirzəmisində müxtəlif məişət-xidmət sahələrinin yaradılması barədə tapşırıq verib.
Kazım Talıblı küçəsindəki 1 nömrəli yaşayış binasında da əsaslı təmir işləri aparılıb. 2 mərtəbə və 12 mənzildən ibarət olan binanın dəhlizi, fasadı, dam örtüyü, qapı və pəncərələri yenilənib, mərkəzi antenna sistemi quraşdırılıb, hər iki binanın həyətində geniş abadlıq işləri görülüb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_seherinde_yeni_yasayis_binasi_istifadeye_verilib-827116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR