O taydan gözlədiyimiz xəbər

O taydan gözlədiyimiz xəbər
18:54 23 Yanvar 2015
271 Sosial
Ölkə mətbuatı
A- A+

Alnımıza bu yazılıb. Bu ölkədə bizə xəstələnmək də bir cür bəxtsizlikdir. Qrip, soyuqdəymə deyilsə, qalan bütün xəstəliklər üçün imkanı olan-olmayan hər kəs xaricə üz tutur. İmkanı olan uzaq xaricə, imkanı olmayan isə yaxın xaricə, İran İslam Respublikası adlanan, əhalisinin tərkibində can qardaşlarımızın əksəriyyət təşkil etdiyi ölkəyə. Bu haqda çox yazılıb, ondan da çox deyilib, danışılıb, hamı bilir. Sağalmaq üçün İrana üz tutan vətəndaşlarımızdan, can sağlığını qonşu ölkədə arayan  həmvətənlərimizdən neçə kitablıq yazı yazılıb. Bunlar heç, mənim dediyim başqa məsələdi. Qulaq asın, danışım.

 

Atam (rəhmət ölənlərinizə) ömrünün son günlərində naməlum səbəblərdən ciddi əziyyət çəkirdi. Bizim xəstəxanalarda hay olmayacağını görüb, rayonda atamın yanında yaşayan qardaşımla məsləhətləşdik ki, onu İrana aparsın. Dörd qardaşıq. Dörd qardaşdan yalnız biri rayonda yaşayırdı, atamla birgə. Mən Bakıdaydım, qardaşlarımdan biri Sumqayıtda, böyük qardaşımız isə Rusiyada. Onsuz da şəkər, təzyiq, ürək xəstəliyi ilə neçə illərdi mübarizə aparan atam nə olduğunu bilmədiyimiz bir dərdlə üz-üzəydi. Qardaşım atamla bərabər İrana getdi, ordan xəbər göndərdi ki, atam bağırsaqlarındakı problemlərlə bağlı əməliyyat olunmalıdı. Vəziyyətin ciddiliyi göz önündəydi. Xəbərləşib kəndə doğru yola düzəldik.

 

“O taydan” gələn xəbərlər heç ürəkaçan deyildi. Bir neçə dəfə çox yüksəyə qalxan şəkər atamın bağırsaqlarında kapillyar damarları qurudubmuş, nəticədə bağırsaqlar işləmirmiş.  Əməliyyat nəticəsində demək olar ki, bağırsaqların böyük hissəsi kəsilib çıxarılmışdı. Həkimlər ümid görmürdülər. Yaşlı-başlı adamlar kimi biz də ümidlərin tükəndiyinin fərqindəydik. Bu xəbərləri yolda almışdıq, elə yolda da məsləhətləşmişdik, mən kəndə gedəcəkdim, iki qardaşım isə İrana, atamızın yanına.
 

Əməliyyat xəbəri kəndə məndən əvvəl çatmışdı. Mən idarə etməyə çalışsam da, vəziyyətin ağırlığı hər kəsə bəlliydi. Qardaşlarla danışığımız belə idi ki, son ana qədər ümidi itirməmək, atamın həyatda qaldığı hər saniyə üçün əlimizdən gələni etmək lazımdır. Hər zaman deyilənlərin əksinə olaraq,  qonşu ölkədə qiymətlərin ucuzluğundan söhbət belə gedə bilməzdi. Atamın saxlandığı otağın bir günü üçün 250 dollar tələb olunurdu. Bunları əvvəldən düşünmüşdük. Borc-xərc, pulumuz vardı. “Bu gün xərclədiyimiz pulu hətta 10 il sonra da tapa, yiyəsinə qaytara bilərik, amma həyatdan gedəni heç nə geri qaytarmır”.  Bu, bizim yolüstü yığıncağımızın son qərarı idi...
 

Atamın əməliyyatının dördüncü günü hiss elədim ki,  hərə bir tərəfdə nəsə pıçıldaşır. Neçə gün idi ki, bütün qohum-qəbilə bizdə idi. Hərə özü üçün söhbət edir, İrandakı qardaşlarımdan və əmilərimdən xəbər gözləyirdik. Amma bugünkü söhbətlər nəsə qəribə idi. Alçaq səslə, mənim eşitməyəcəyim tərzdə danışır, arada mən tərəfə baxırdılar.
 

Axşamüstü qonşu kəndlərdən birində yaşayan tanış bir adam gəldi. Gəlməyində sözüm yox, tanış-biliş, kim eşidirdisə gəlir, xəbər sorurdu. Amma bu gəlmək o gəlmək deyildi. Oturdu, bir çay içdi və söhbətə başladı.
  

Atası bir az öncə İranda, müalicə olunduğu xəstəxanada vəfat etmişdi. Rəhmətliyin ölüsünü gətirib dəfn edənə kimi zülm çəkmişdilər. Neçə gün vaxt, nə qədər əsəb və ən əsası, babat məbləğdə pul xərcləmişdilər. Demək ki, bizim müsəlman qardaşlarımız istəsə, cənazəni dərhal bizim tərəfə verə bilərmiş, di gəl yubadırmışlar. Bunun ardınca səhərdən küncdə-bucaqda, sakit səslə danışan qohumlar söhbətə başladı. Hərəsi ayrıca əhvalat nəql edirdi. Di gəl bütün əhvalatlarda “ o tayda” rəhmətə gedən insanlar vardı. Min bir müsibətlə, neçə gün sonra gətirilib dəfn edilən cənazələr vardı. Əhvalatların birində, cənazə yiyələri az qala cənazədən bezmişdi, imkan olsa Araz çayına ata biləcəklərini deyirmişlər...

 

Axşam qardaşlarım zəng elədi. Nə qədər ki, atam həyatdadır, gömrüyü keçirməyi, evə gətirməyi məsləhətləşmişdilər. Mənim fikrimi soruşmurdular, sadəcə deyirdilər ki, xəbərim olsun. Qərar verilmişdi. Bir saniyə belə artıq həyatda qalması üçün nə lazımsa etməyə borclu olduğumuz insanı, valideynimizi həyata bağlı olduğu aparatlardan, həkimlərdən aralayıb gətirmək lazım idi. Əks təqdirdə...
 

Bax, mən həm də  bununçün öz ölkəmdə səhiyyənin yüksək səviyyədə olmasını istəyirəm. Səhiyyə tək sağaltmaq üçün, yaşatmaq üçün yox, övladların valideyn qarşısındakı borcunu sonadək yerinə yetirməsi üçün də lazımdı.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR