Yaxın Şərq yeni toqquşmanın astanasında

Yaxın Şərq yeni toqquşmanın astanasında
19:05 23 Yanvar 2015
227 Dünya
Ölkə mətbuatı
A- A+

İran müdafiə naziri Hüseyn Dehqan İsrailin öldürdüyü iranlı generala görə artıqlaması ilə cavabını alacağını bəyan edib. Fars Xəbər Agentliyinin məlumatına görə, Tehranda keçirilən şəhidlərə vida mərasimində çıxış edən nazir deyib ki, məqamı çatan kimi İsrailin cavabı veriləcək.

İran müdafiə naziri bildiirb ki, rəsmi Tehran Qərbi Şəriə ərazisində İsrailə qarşı savaşan qrupları silahlandıracaq. O qeyd edib ki, Ramallahdakı savaşçı qrupları silahlandırmaq İran hakimiyyətinin hərbi siyasətinə daxildir və bütün imkanlardan istifadə edərək bu işi yerinə yetirəcəklər.

Qeyd edək ki, ötən həftə İsrail hava qüvvələri Suriyanın işğal altında olan Colan təpələri bölgəsində hərəkət edən avtomobil karvanına hücum edib. Hava zərbələri nəticəsində Hizbulahın aralarında yüksək rütbəli komandirlər də olmaqla 6 üzvü, o cümlədən 2008-ci ildə Dəməşqdə baş verən terror nəticəsində öldürülmüş komandiri İmad Muğniyənin oğlu Cihad Muğniyə və İran ordusunun Suriyadakı hərbi təlimatçısı, İnqilab Keşikçiləri Korpusunun generalı Huşəng Allahdadi öldürülüb.

Colan ərazisində, İsrail sərhədlərinə yaxın yerləşən Kuneytra bölgəsində baş verən hava hücumunun nəticəsi İsrail üçün də gözlənilməz olub. Çünki ilk gündəki açıqlamalardan belə məlum olub ki, İsrail ordusunun hücum etdiyi karvan haqda məlumatı olmayıb. Yalnız Hizbullah və rəsmi Tehranın təsdiq bəyanatlarından sonra öldürülənlərin kimliyi aydın olub. Hizbullah isə bəyan edib ki, bu hadisəyə görə qisas alınacaq. Hətta hərəkatın lideri Həsən Nəsrullahın israillilərə ünvanlanmış iki sözdən ibarət “sığınacaqlarınıza çəkilin” açıqlaması qorxunc qisas çağırışı kimi yozulub. Bəzi məlumatlara görə, İsrail gözlənilən qisas əməliyyatları səbəbindən xarici ölkələrdəki səfirlik, diplomatik nümayəndələri və ictimai binalarda mühafizəni gücləndirib.

Ancaq qisas çağırışları gəlsə də, bir çoxlarına görə, indiki halda tez bir zamanda hansısa əməliyyat və ya hücum baş verməyə bilər. Çünki oxşar vəziyyət 2008-ci ildə Hizbullahın silahlı qanadının komandanı İmad Muğniyə öldürlüdüyü zaman da baş vermişdi. Ancaq o zaman da gözlənilən ciddi hücumlar baş verməmişdi. Sonradan başlayan Suriya müharibəsi Hizbullahın və İranın diqqətini bu ölkəyə cəlb etmişdi. 2013-cü ildə Hizbullah silahlılarının birbaşa iştirakı ilə Suriyanın Livanla sərhədə yaxın Quseyr şəhərinin azad edilməsi hərəkatın Suriyada aktiv fəaliyyətini açıq şəkildə ortaya qoydu.

İndi isə durum daha mürəkkəbdir. İsrailin məhz Colan yaxınlığında Hizbullah qüvvələrinə hücum etməsi onu göstərir ki, İsrail əslində Suriya savaşında tərəfdir. Colan bölgəsi sərhədi yaxınlığı hazırda müxalif qüvvələrin, daha dəqiqi islamçı qrupların nəzarəti altındadır. Hətta ötən müddətdə bu qruplaşmaların 1000-ə yaxın yaralı döyüşçülərinin İsrail xəstəxanalarında müalicə aldığı haqda məlumatlar yayılıb. Bunların birində baş nazir Netanyahunun yaralı müxaliflərə baş çəkdiyi görünür. İsrail hakimiyyəti üçün indiki vəziyyətdə Suirya hakimiyyətinin daxili mühairbədə zəifləməsi xeyli dərəcədə əlverişlidir. Çünki paralel olaraq İran və Hizbullah da Suriyadakı daxili mühairbədə “ilişib qalıb”. Ara-sıra Suirya ərazisinə hava hücumları təşkil edən İsrail mühüm hərbi obyektləri vurmaqla yanaşı müxaliflərə də dəstək olur.

Ancaq son hücum İsrailin gözləmədiyi halda daha böyük əks-səda doğurub. Yüksək rütbəli komandirlərin və generalın öldürülməsi nəticəsində vəziyyət xeyli dərəcədə həssas bir mərhələyə daxil olub. Hər iki tərəf ehtiyatlı olsa da, yeni savaşın başlaması da an məsələsidir. Lakin indi hər iki tərəf savaşı birinci başlamaqda maraqlı deyil. İsrail hazırda Hizbullahın gücü və imkanları barədə məlumatlı deyil, bu səbəbdən də qəfil hücumla Livan sərhədi yaxınlığında ərazilər, hətta İsrailin içərisinə doğru şəhərlər Hisbullahın raket atəşi altına düşə bilər. Ancaq Hizbullah indiki halda daha bir cəbhə açıb ağır savaşa girməyə hazır deyil, çünki onsuz da hazırda qüvvələr İraq, Suriya ərazilərində döyüşlərə qatılıb və ağır, üzücü bir savaşdadır.

Bu mənada Yaxın Şərqdə yeni İsrail-Hizbullah savaşının başlaması az ehtimal olunsa da, baş verəcək kiçik hücumlar hər an böyük bir müharibəyə çevrilə bilər. Artıq proses əsəb müharibəsi mərhələsinə keçib. Bu mərhələnin qalibləri isə daha səbrli və tədbirliliər olacaq.

İslam.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR