Azərbaycan Texniki Universitetində informasiya-kommunikasiya texnologiyalarına dair seminar

Azərbaycan Texniki Universitetində informasiya-kommunikasiya texnologiyalarına dair seminar
19:18 23 Yanvar 2015
214 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvarın 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdindəki Layihələrin İdarə Edilməsi və İnnovasiyalar Mərkəzində “İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi” mövzusunda seminar keçirilib.
AzTU-dan AzərTAc-a bildirilib ki, İKT üzrə layihələr sahəsində çalışan beynəlxalq ekspertlərin, o cümlədən tələbə, aspirant və təcrübə keçən menecerlərin iştirak etdikləri seminarda layihələrin idarə edilməsi üzrə qaydalar, ISO 21500 beynəlxalq standartlarının tətbiqi haqqında ətraflı məlumat verilib.
Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyasının (AzPMA) prezidenti və Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İPMA) Azərbaycanda sertifikatlaşdırma komitəsinin rəhbəri, professor İqbal Babayev bildirib ki, bu beynəlxalq standart istənilən dövlət, özəl və ictimai təşkilatlarda müxtəlif layihələrin idarə edilməsində istifadə oluna bilər. Həmin standart layihələrin idarə edilməsi üzrə ən uğurlu təcrübəni özündə formalaşdıran konsepsiyanın və prosesin izahını yüksək səviyyədə təmin edir.
Qeyd olunub ki, layihələrin uğurla başa çatmasında ISO 21500 beynəlxalq standartı mühüm rol oynayır. Bu standartın öyrənilməsi layihənin baş meneceri və sponsorlarına layihələrin idarə edilməsinin prinsiplərini, bu sahədə praktiki işlərin ətraflı öyrənilməsi və tətbiqi sahəsində kömək edəcək. Türkiyədə müvəffəqiyyətlə tətbiq edilən ISO 21500 beynəlxalq standartı layihələrin müqayisəsi üzrə vahid bazanın yaradılmasına imkan verəcək. Təşkilatın milli standartı və qaydaları mütəxəssislər üçün faydalı olacaq.
İ.Babayev diqqətə çatdırıb ki, AzPMA gələcəkdə də Azərbaycan menecerlərini layihələrin idarə olunması üzrə dünyanın ən uğurlu beynəlxalq standartları ilə tanış edəcək. Azərbaycanda bu günədək IPMA-nın beynəlxalq standartları üzrə 208 nəfər sertifikatlaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Texniki_Universitetinde_informasiya_kommunikasiya_texnologiyalarina_dair_seminar-827126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR