Coğrafiya İnstitutu “National Geographic Azərbaycan” jurnalı ilə əməkdaşlıq edəcək

Coğrafiya İnstitutu “National Geographic Azərbaycan” jurnalı ilə əməkdaşlıq edəcək
19:38 23 Yanvar 2015
240 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “National Geographic Azərbaycan” jurnalının redaksiya heyəti ilə görüş keçirilib.
İnstitutdan AzərTAc-a bildirilib ki, tədbiri bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov açaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Bakıda nəşr olunan jurnalın ətraf mühitin mühafizəsi baxımından ölkəmiz üçün əhəmiyyətini və bu sahədə biliklərin artırılmasına xidmət etdiyini vurğulayıb.
“National Geographic Azərbaycan” jurnalının baş redaktoru Seymur Teymurov ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin “National Geographic” jurnalı barədə iştirakçılara məlumat verib. Bildirilib ki, hazırda 26 dildə nəşr olunan jurnalın 40 milyondan artıq oxucusu var. “National Geographic” tarix, arxeologiya, elm və mədəniyyət haqqında nadir foto və videolar, eləcə də eksklüziv materiallar dərc edir. Ətraf mühitin mühafizəsi, fəlakətlər, qlobal istiləşmə, atmosferin çirklənməsi, müxtəlif fauna növlərinin məhvolma təhlükəsi və digər ekoloji problemlər jurnalın hədəf obyektidir. Gün ərzində redaksiyaya 10 mindən artıq fotoşəkil daxil olur ki, onların içərisindən çox yüksək keyfiyyətə malik təkrarsız şəkillər çap olunmaq üçün seçilir. Həmyerlimiz fotoqraf Rza Diqqətinin də çəkdiyi nadir fotolar burada əksini tapır.
Qeyd olunub ki, Azərbaycan 40-cı ölkədir ki, bu jurnalı öz dilində nəşr edir. Jurnalın ölkəmizdə çap edilməsi vətəndaşların ekoloji məlumatlandırma və maarifləndirilməsi işində böyük rol oynayır.
S.Teymurov Coğrafiya İnstitutuna əməkdaşlıq təklif edərək bildirib ki, şərtlərə əsasən bu elm müəssisəsi coğrafiya elminə aid verilən materialların redaktə olunmasını, coğrafi adların, yer, məntəqə adlarının dəqiqləşdirilməsini üzərinə götürür. Redaksiya coğrafiyaçı tədqiqatçıların jurnalın tələblərinə cavab verən maraqlı elmi məqalələrini nəşr edəcək, respublikanın müxtəlif guşələrindən redaksiyaya daxil olan, lakin çap edilməyən materialları “Respublika Coğrafiya Cəmiyyəti” jurnalının redaksiyası ilə paylaşacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cografiya_Institutu_National_Geographic_Azerbaycan_jurnali_ile_emekdasliq_edecek-827135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR